Həftənin çərşənbə axşamı sionist işğalçılar növbəti dəfə cinayət törədərək Xan Yunisdəki qaçqın çadırlarına hücum ediblər.
Fələstin mənbələrinin verdiyi məlumata əsasən, sionist işğalçılar Xan Yunisdə yerləşən əl-Məvasi məntəqəsindəki fələstinli qaçqınların məskunlaşdığı düşərgəyə gecə ikən hücum edib, bir sıra insanları şəhid ediblər və bəzilərini isə yaralayıblar.
Fələstin xəbər agentliklərindən biri bu dəhşətli qətliamda indiyə qədər 40 nəfərin şəhid olduğunu, 60 nəfərin yaralandığını və digər qurbanların tapılması üçün axtarışların davam etdiyini bildirib.
Qəzzə Səhiyyə Nazirliyi əl-Məvasi məntəqəsində baş verənləri qətliam adlandırıb.
Şahidlərin sözlərinə görə, işğalçıların əl-Məvasidəki qətliamında 20 çadır tamamilə məhv edilib.
Qəzzə Mülki Müdafiə Təşkilatı işğalçıların əl-Məvasidəki qaçqın çadırlarına etdikləri hücumunda yüksək dağıdıcı gücə malik olan bombalalardan istifadə etdiklərini açıqlayıb.
“İsrail” qaçqın çadırlarına 2000 funt ağırlığındakı bombalarla hücum edib
Qəzzə Mülki Müdafiə Təşkilatından verilən məlumatda bildirilib ki, sionistlərin Xan Yunisdə yerləşən əl-Məvasi məntəqəsindəki qaçqın çadırlarına olan hücumunda yaralananların çoxu amputasiya edilib.
Qəzzə Mülki Müdafiə Təşkilatı həyatını itirənlərin tapılması üçün axtarış aparmağa avadanlıqlarının olmadığını və işğalçıların 2000 funt ağırlığında olan MK raketləri ilə qaçqın çadırlarını hədəfə aldığını bildirib.
Bu hücumda bəzi fələstinli qaçqınların bütün ailə üzvləri şəhid olub.
HƏMAS: Əl-Məvasi qurbanlarının çoxu qadın və uşaqlar olub
Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) verdiyi bəyanatda bildirib: İşğalçı ordunun Xan Yunisdəki qətliamı çoxu qadın və uşaq olan onlarla mülki şəxsin şəhid olması ilə nəticələnib.
Bəyanatın davamında deyilib ki, işğalçı faşist ordusunun, müqavimət qüvvələrinin hücum yerində olması ilə bağlı iddiası açıq-aşkar yalandır. Müqavimət qüvvələri öz üzvlərinin mülki şəxslərin toplandığı yerlərdə olmasını yaxud belə yerlərdən hərbi məqsədlər üçün istifadə etməsini dəfələrlə inkar edib.
Əl-Məvasi BMT-nin nəzarəti altında və qaçqın çadırları ilə dolu olan bir məntəqədir
Qəzzə Mülki Müdafiə Təşkilatının sözçüsü deyib: İşğalçılara aid qırıcılar Xan Yunisdə çox saylı fələstinli köçkünlərin məskunlaşdığı əl-Məvasi məntəqəsini bir neçə raketlə hədəfə alıblar. Qətliam baş verən bu məntəqə humanitar ərazi kimi təsnif edilib.
O, bu ərazinin qaçqın çadırları ilə dolu olduğuna işarə edərək, deyib: Vətəndaşlara bombardmanla bağlı xəbərdarlıq edilməyib. Burada 200-dən çox çadır var. 20 çadır tamamilə aradan gedib və 40-a yaxın çadıra isə tamamilə ziyan dəyib.