Fələstinli mənbələr sionist rejimi zindanlarında daha bir fələstinlinin şəhid olma xəbərini veriblər.
Fələstinli Əsirlər Cəmiyyəti, 48 yaşlı fələstinli əsir “Əhməd Əbu Əli”-nin sionist rejiminin “Surka” xəstəxanasında şəhid olduğunu bildirib.
Fələstinli Əsirlər Cəmiyyətinin verdiyi açıqlamada halı pisləşdikdən sonra Əbu Əlinin xəstəxanaya aparıldığı və daha sonra şəhid olduğu deyilir.
2021-ci ildən sionist rejiminin əsarətinə düşən Əl-Xəlilin cənubundakı Yəta qəsəbəsindən olan Əbu Əli, 12 il həbsə məhkum olunmuşdur.
Xarici KİV-in verdiyi məlumata görə, Əbu Əlinin şəhadəti ilə 1967-ci ildən sionist rejimi zindanlarında şəhid olan fələstinlilərin sayı 235-ə çatıb.
Fələstinli Əsirlər Cəmiyyəti, həmçinin bildirib ki, İsrailin 23 zindan və təcridxanasında 4780 nəfər əsirlikdədir. Əd-damun zindanında 29 qadın, 160 uşaq və 915 nəfər inzibati həbsdədir (mühakimə olunmayan).
Statistika onu göstərir ki, 600-dan çox fələstinli əsir məhbus müxtəlif xəstəliklərə düçardır. O cümlədən onlardan 24-ü xərçəng xəstəliyindən əziyyət çəkir.