Məsələ hər dəfə Qəzza zolağına humanitar yardımların daxil edilməsi və sakinlərinin İsrail və ABŞ tərəfindən sərt şəkildə tətbiq olunan aclıq siyasətindən xilas edilməsi mövzusu gündəmə gəldikcə, müharibə yenidən yada düşür. ABŞ – “distopik dünya” anlayışını elmi-fantastik filmlərdən, siyasi ədəbiyyatdan və post-apokaliptik kinodan götürüb Qəzza zolağında tətbiq etməyə çalışan ölkə – bunu “Qəzza humanitar” adlı qurum vasitəsilə həyata keçirməyə cəhd edir. Bu isə ABŞ/İsrail cinayətkar təxəyyülünün ortaya çıxardığı “humanitar qabarcıqlar” ideyasının ilkin təcrübəsi idi və ötən ilin oktyabr ayında mətbuata sızmışdı.
İsrailin BMT-yə üzv bir dövlət kimi ilk dəfə olaraq onun bir qurumunu – “UNRWA”nı – qadağan etməsindən sonra, Qəzza zolağında seçilmiş bölgələrdə hündür darvazalarla əhatələnmiş, hasarlanmış rezervatlar qurmaq barədə düşünülməyə başlandı. Məqsəd sakinləri ailə bağları və siyasi mövqelərinə görə bu ərazilərdə toplamaq idi. Bu zonalara giriş biometrik vasitələrlə – barmaq izi, göz bəbəyi – nəzarət ediləcək, onları xüsusi hazırlıqlı qüvvələr və ölümcül silahlarla mühafizə edəcək, özəl şirkətlər tərəfindən idarə olunacaqdı. Beləliklə, bir yemək payı siyasi mövqe ilə şərtlənəcək, bu “qabarcıqlar”ın xaricində isə acından əzab çəkən “insan heyvanlarının” dolaşdığı quraq səhralıq olacaq və onlar ovlanmaq üçün ideal hədəfə çevriləcəkdilər.
Bu ideya həmin an üçün distopik təmizləmə xəyallarının ifadəsi olsa da, Qəzza faciəsindən bəhrələnmək və onu biometrik nəzarət və elektron izləmə əsasında cəmiyyət mühəndisliyi üçün sınaq modeli kimi istifadə etmək niyyəti daşıyırdı. ABŞ tərəfindən irəli sürülən bu yanaşma, insanlara qarşı dərin hakimiyyət hissi və nasistvari seçkinçilik duyğusunu göstərir. “Qəzza humanitar” adı ilə həyata keçirilən bu layihə rəsmi olaraq tətbiq edilməsə də, ideya İsrail təxəyyülündə, sahibkarlarının müzakirələrində və kağız üzərində qalır. Onlar bunu “humanitar şəhərlər” və “humanitar keçid yolları” adlandırırlar.
Sonda bu ideyalar Amerikada həmişə qarşılanır. Təkcə İsraili qaranlıq və anlaşılmaz bir emosional ehtirasla üstün və uğurlu görmək istədiyinə görə yox, həm də ABŞ həmişə yeni bölgələri sevir – burada hər şey sınaqdan keçirilə bilər: silahlar, elmi-fantastik xarakterli ideyalar və insanlara nəzarət və onları idarəetmə vasitələrinin inkişafı.
Hər halda, Amerikаnın qətliamın davamını təbliğat baxımından təmin etmək məqsədilə həyata keçirdiyi planlı aclıq siyasətlərindən asılı olmayaraq (burada demək lazımdır ki, üzən liman ideyası, havadan yardım atılması, az miqdarda və uzun fasilələrlə daxil olan yardımların hamısı qətliamı təmin etmə və onu ört-basdır etmə siyasətlərinə daxildir), bu cür ideya mahiyyət etibarilə insani mənaya ziddir. Yəni, insanı insan edən – adamlıq ləyaqəti, iradə azadlığı və insanların bərabərliyi prinsipi – ilə tamamilə ziddiyyət təşkil edir. Bu halda İsrailin bunu “humanitar” adlandırması qəribə olmayacaq, necə ki, ordusunu “müdafiə ordusu” adlandırır, və necə ki, ABŞ insan ləyaqətini tapdalayan amansız müharibələrini “insanların azadlığı uğrunda müharibələr” kimi təqdim edir. (Bu Amerikan iddiası İsrailin ordusunu “dünyanın ən əxlaqlı ordusu” adlandırmasından fərqlənirmi?!) Eləcə də, ABŞ özünə “niyə bizdən nifrət edirlər?!” sualına cavab verərkən belə deməyə çalışır: “Demokratiyamıza, azadlığımıza və həyat tərzimizə görə”!
Bu şər daha aydın görünür, bəzi ərəblər fələstinlilərə yardım üçün nəsə etmək tələb olunduqda, dərhal müharibə təhlükəsindən danışanda. Bu ərəblər, müharibəni bir tikə çörəyin qarşısına qoymaqla, ABŞ/İsrail-in aclığı soyqırım kontekstində silah kimi istifadəsindəki cinayətkarlıq səviyyəsini göstərmək istəmirlər. Onlar sadəcə olaraq öz acizliklərinə, yaxud fələstinlilərə – üzərlərində aclıq siyasətləri tətbiq olunanlara – yardım etməmələrinə bəraət qazandırmaq istəyirlər.
Bir vaxtlar söhbət ondan gedirdi ki, bir gün qaçılmaz olaraq ərəblər Fələstini azad edəcəklər. Sonra ümidlər fələstinlilərin mübarizəsinə dəstək vermələrinə yönəldi. Daha sonra isə bu ümid sadəcə onların siyasi dəstəyinə və iqtisadi dayaq olmasına endi. İndi bunların heç biri yoxdur, baxmayaraq ki, “İbrahim sazişləri” çərçivəsində İsraillə ittifaqın guya fələstinlilərə dəstək məqsədi daşıdığına dair solğun iddialar səslənir. (Əlbəttə, bu həm alçaldıcı, həm də ağır bir zarafatdır və iyrənc bir məsxərəlik növüdür).
İndi, 22 ay davam edən soyqırımdan sonra, artıq heç kim onlardan müharibəni dayandırmağı istəmir, sadəcə olaraq yemək daxil etməyi istəyir. Yeməyin daxil edilməsi müharibə bahasına başa gəlir, amma ərəblər müharibə aparmır!
Əgər bir fələstinli “Vay, köməyə gəlin!” deyə qışqırıb onlardan yeməklə yardım istəsə, mütləq onu söymək, təhqir etmək və son illərdə çox yayılmış ərəbcə klişe ifadələr işlətmək lazımdır – məsələn, kömək istəməyini “sui-istifadə” kimi təqdim etmək. Hər halda, təkcə bir ərəbin təsəvvür etməsi ki, qonşuluğundakı başqa bir ərəb – üzərində soyqırım və aclıq həyata keçirilən biri – doyuzdurulmaq üçün müharibə aparmaq lazımdır, təkcə bu təsəvvürün özü belə, ərəb varlığının bu bölgədə mənasız olduğunu göstərir. Böyük dövlətlər var ki, özləri haqqında böyüklük məqalələri yazmağı xoşlayırlar, amma təsir, nüfuz və rol baxımından tamamilə yox durumundadırlar. Halbuki bu dövlətlərin bəziləri onilliklərdir İsraillə sülh halındadır və ABŞ maraqlarına xidmət edirlər. Kim ki, İsraillə açıq əlaqədə deyil, gizlində bunu edir – hamıya məlumdur.
Demək istədiyimiz odur ki, İsrail fələstinliləri təkcə maddi cəhətdən məhv etmir, həm də ərəb varlığını mənəvi baxımdan silir. Bu isə hazırkı ərəb siyasi sistemi üçün vacib deyil, çünki bu sistem onsuz da mənanı düşünmür ki, ona dəyər versin. Amma məsələ ondadır ki, doğrudan da artıq heç kim ərəblərdən döyüşməyi istəmir. Təkcə ona görə yox ki, onların orduları İsraili məğlub etmək qabiliyyətindən məhrumdur və buna görə qurulmayıb – bu sualı yenidən mənaya gətirir: bu dövlətlər müstəqillikdən sonrakı onilliklər boyu nə ediblər? – həm də ona görə ki, xalqlar bu döyüşü istəmir. Onun qiyməti məlumdur, 1967-ci ildən sonrakı məğlubiyyət ərəb şüuruna hakim ideyadır. Ərəb cəmiyyətləri müharibəni qəbul etməyə və ona uyğunlaşmağa hazır və ya hazırlanmış deyillər. Elə deyilən “ərəb baharı” və ondan sonrakı hadisələr də göstərdi ki, problem təkcə rejimlər və hökumətlərlə məhdudlaşmır.
Lakin, əslində, İsrail nə qədər zalım olsa da, aclığı ərəblərin qırması mümkündür. Ən azından iradə göstərmək, aclığı qırmaq üçün daha təsirli və ciddi addımlar atmaq, bundan əvvəl isə soyqırımı dayandırmaq olar. Amma ərəb hökumətləri bunu etmir. Təkcə ona görə yox ki, onların marağı Qəzzadakı müqaviməti sındırmaq üçün İsraillə ortaqdır, həm də ona görə ki, ərəb düşüncəsi israilli qandalları ilə bağlıdır. Əgər israilli Qəzza fələstinlilərinə biometrik nəzarət etmək istəyirsə, ərəb hökumətlərinə isə təlqin və hipnozla nəzarət edir!
Qeyd: Bu tənqid təkcə ərəblərə aid deyil, ümumilikdə bütün müsəlman ölkələrinə aiddir. Çünki bu gün Fələstin məsələsində real təsir imkanları olan ölkələr çoxdur. Məsələn, Azərbaycan istəsə SOCAR vasitəsilə İsrailə neft ixracını dayandıra bilər, Türkiyə isə Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin İsrailə gedən qolunu bağlaya bilər. Eyni zamanda, Malayziya, İndoneziya, Pakistan kimi ölkələr iqtisadi və diplomatik sanksiyalar tətbiq edə bilərlər. Lakin bu ölkələrin əksəriyyəti ya maraqlarına görə susur, ya da real addımlar atmaqdan çəkinir. Bu isə göstərir ki, təkcə ərəblər yox, bütün müsəlman dünyası Fələstin məsələsində mənasızlıq girdabına düşüb.