Sionist rejimin cinayətləri və Qəzzə zolağının müxtəlif bölgələrinə aviasiya və artilleriya hücumları hələ də davam edir. Dünən bu bölgəyə edilən hücumlarda onlarla fələstinli şəhid olub və yaralanıb.
Fələstin İnformasiya Mərkəzinin cümə axşamı verdiyi məlumata görə, son hücumda işğalçı rejimin qırıcıları Qəzzənin şimalında, Cəbaliya bölgəsindəki əl-Hələbi meydanı ətrafında yerləşən Əzzam ailəsinin evini hədəfə alıb. Hücum nəticəsində biri uşaq olmaqla, 6 nəfər şəhid olub və bineçə nəfər yaralanıb. Dağıntılar altındakı itkin düşənlərin axtarışı isə davam edir.
Media mənbələri, həmçinin Deyr əl-Bələhin əl-Bərəkə bölgəsində bir köçkün çadırının hədəfə alındığını və bu hücum nəticəsində bir nəfərin şəhid olduğunu, bir neçə nəfərin isə yaralandığını bildiriblər.
Başqa bir hücumda, Cəbaliyada yerləşən və həm ev, həm də uşaq bağçası kimi istifadə olunan bir sığınacaq hədəf alınıb və azı 7 nəfər şəhid olub.
Qəzzə şəhərindəki ən-Nəfəq küçəsində mülki bir avtomobilin vurulması nəticəsində 5 fələstinli şəhid olub.
İşğalçı rejimin ordusu Beytlahiyanın qərb hissəsində partlayıcı robotu işə salaraq bir partlayış həyata keçirib. Digər tərəfdən, mediada Xan Yunusun cənub bölgəsinə hava hücumları və Rəfəhin Məvasi bölgəsində sionist qüvvələrin atəş açması barədə məlumatlar yer alıb.
Fələstin mənbələri, həmçinin Qəzzə zolağının cənubunda yerləşən Qeyzan Rəşvan bölgəsindəki əl-Qələə qüllələrinin də hədəfə alındığını bildiriblər.