Xarici KİV-in verdiyi məlumata görə, çərşənbə günü səhər saatlarında İsrail rejiminin Qəzzə zolağına qarşı hücumları zamanı 94 fələstinli şəhid olub.
Sionist rejimin Qəzzə zolağına cinayətkar hücumları və fələstinlilərin qətli çərşənbə günü səhər beynəlxalq qurumların və forumların sükutu kölgəsində davam edib.
Tibbi mənbələrə istinadən verilən məlumata əsasən, çərşənbə axşamı səhər saatlarından çərşənbə günü səhər saatlarına kimi sionist rejimin Qəzzə zolağına hücumları zamanı 94 fələstinli şəhid olub.
Xəbər agentliklərindən birinin Qəzzə zolağındakı müxbiri deyib: “İsrailin pilotsuz təyyarələri Qəzzə şəhərinin şərqindəki Şucaiyyə məhəlləsində əl-Mənsurə küçəsindəki bir evi bombalayıb”.
Digər bir xəbər kanalı da bildirib ki, işğalçıların döyüş təyyarələri Qəzzənin şimalındakı Cəbaliya ən-Nazlada yaşayış binalarına hücum edib.
Fələstin mənbələri, həmçinin sionist artilleriyasının Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərinin şimal rayonlarını atəşə tutması barədə məlumat yayıb.