Sionist rejiminə aid qırıcılar “Beyt Lahiya” şəhərində iki ayrı cinayət törədərək yaşayış mənzillərini bombalamaqla, 70 mülki şəxsi şəhid edib.
Şimali Qəzzə 23 gündür ki, sionist ordusunun ağır atəşləri və hərtərəfli mühasirəsi altındadır. Həyata keçirilən hücumlarda indiyə qədər 800-dən çox insan şəhid olub və minlərlə insan isə yaralanıb.
Son hadisədə işğalçı orduya məxsus qırıcı təyyarələr şənbə günü axşam Beyt Lahiya şəhərində 5 yaşayış binasını hədəfə alıblar. Bunun da nəticəsində 35 nəfər şəhid olub və onlarla insan isə yaralanıb.
Şənbə günü gecənin sonlarında baş verən növbəti bir cinayətdə də digər 4 bina bombalanıb. Son məlumatlara əsasən, bu cinayətdə 35 nəfər şəhid olub.
Bununla əlaqədar olaraq, HƏMAS hərəkatı bəyanat verərək bildirib: Biz sionist cinayətləri qarşısında sükutu, beynəlxalq şərikliyi və ərəblərin xəyanətini pisləyirik. Bu cinayətlərin sonuncusu Beyt Lahiyadakı qətliam və vəhşi, boğucu sionist mühasirəsi altında olan Qəzzə zolağının şimalındakı cinayətlərin davamıdır.
HƏMAS əlavə edib: Sionistlərin günahsız və müdafiəsiz mülki əhaliyə qarşı bu vəhşi hücumları müqavimət iradəsini sındırmaq, millətimizə meydan oxumaq məqsədi ilə və şimal bölgəsini boşaltmaq və əhalisini didərgin salmaq üçün “generallar” adlanan cinayətkar plan çərçivəsində həyata keçirilir.
“Generallar planı”na əsasən, işğalçı ordu Qəzzə şəhərinin cənubunda yerləşən “Nistarim” yolu və oxu vasitəsilə Qəzzənin şimalını iki hissəyə bölür və Qəzzənin şimalındakı 400 min sakini cənub bölgələrinə tərəf sürgün etməyə çalışır.
Həmçinin Fələstin İslami Cihad hərəkatı da bəyanat yayaraq bildirib ki, bu qətliam İsrail rejiminin Kamal Üdvan xəstəxanasına ağır hücumlarından sonra baş verib. Düşmən sionist bu xəstəxananı qətlgaha çevirib və bununla da fələstinlilərə öz nifrətini göstərir.