Beynəlxalq ictimaiyyətin Qəzzədəki soyqırımı dayandırmaqda göstərdikləri zəiflik sayəsində İsrail rejimi bugün (cümə axşamı) Qəzzə zolağının mərkəzində fələstinli uşaqlara qarşı yeni qətliam törədib.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi bugün Qəzzə zolağının mərkəzində yerləşən ən-Nəsirat düşərgəsindəki əş-Şühəda məktəbində yeni cinayət törədib. Bu düşərgə minlərlə fələstinli qaçqının məskunlaşdığı yer olub.
Fələstin medialarının açıqlamasına əsasən, indiyə qədər əksəriyyəti uşaqlardan ibarət olan 16 cənazə tapılıb və İsrail rejiminin bu terror hücumunda yaralanmış 32 nəfər isə xəstəxanaya yerləşdirilib. Bu cinayətdə həyatını itirənlərin sayının artacağı gözlənilir.
Sosial şəbəkə istifadəçiləri Qəzzə zolağının mərkəzində baş verən bu qətliamla bağlı ürəkağrıdan görüntülər yayaraq yazıblar: “Onların hamısı uşaqlardır.”
Fələstin Qırmızı Aypara Cəmiyyətinin sözçüsü bildirib ki, məktəblərin və sığınacaqların hədəfə alınması insanların sıxlığına görə xilasetmə əməliyyatlarını daha da çətinləşdirir.