Qəzzə zolağının şimalında bir yaşayış mənzilinin bombalanmasının ardınca, əksəriyyəti uşaqlardan ibarət olan 12 nəfər şəhid olub.
Fələstin mənbələri cümə günü axşam Qəzzənin şimalında digər bir cinayətin baş verdiyi haqda məlumat veriblər. Bu cinayət 7-si uşaq olmaqla, 12 nəfərin şəhid olması ilə nəticələnib.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı İsrail ordusu Cəbaliya düşərgəsindəki yaşayış mənzillərindən birinə qarşı hava hücumu həyata keçirib. Bu düşərgə 45 gün əvvəldən ən ağır hücumlara və geniş mühasirəyə məruz qalıb.
Sionist ordusu Oktyabr ayının 6-da Qəzzənin şimalında yerləşən Cəbaliya düşərgəsində və Beyti Lahiya şəhərciyində geniş miqyaslı əməliyyatlara başlayıb. Onlar eyni zamanda bu bölgələrə humanitar yardımların gəldiyi yolda çoxlu maneələr yaradıblar. İşğalçılar Qəzzənin şimalını müharibə zonası elan ediblər.
Qəzzə zolağındakı tibbi mənbələr də cümə günü səhər saatlarından axşam saatlarına qədər işğalçı ordunun hücumları nəticəsində 31 nəfərin şəhid olduğunu bildiriblər.