İşğalçı İsrail ordusu Qəzzənin müxtəlif bölgələrində iki məktəbi və iki evi hədəfə almaqla, növbəti cinayətə əl atıb. Nəticədə, 32 nəfər şəhid olub və onlarla insan isə yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail ordusu cümə axşamı günü Qəzzə zolağında bir neçə cinayət törədib ki, bu da onlarla insanın şəhid olması və yaralması ilə nəticələnib. Bu hadisələr müharibədən 300 gündən çox keçməsinə baxmayaraq, işğalçıların hələ də məqsədsiz şəkildə köçkünləri, qadınları və uşaqları hədəfə aldıqlarını göstərir.
Bununla əlaqədar olaraq, işğalçılar cümə axşamı günü günorta saatlarından sonra qaçqınların məskunlaşdığı “əz-Zəhra” və “Əbdül Fəttah Həmud” məktəblərini bombalayıblar. Son statistikaya əsasən, bu hücumların ardınca 18 nəfər şəhid olub və onlarla insan isə yaralanıb.
Digər tərəfdən də Qəzzənin mərkəzində yerləşən əl-Bəric düşərgəsində bir evin bombalanması nəticəsində 8 mülki şəxs və Xan Yunisin şərqindəki digər bir evin bombalanması zamanı isə 6 nəfər şəhid olub.
Bu arada Qəzzədəki Fələstin Qırmızı Aypara Cəmiyyəti Qəzzə şəhərinin cənub-şərqində yerləşən əz-Zeytun məntəqəsində 3 nəfərin cənazəsinin dağıntılar altından çıxarılması haqda məlumat verib.
Bu cinayətlərdən sonra HƏMAS hərəkatı verdiyi bir bəyanatda dünya ictimaiyyətindən və beynəlxalq təşkilatlardan Qəzzədəki müharibənin dayandırılmasından ötrü sionist rejiminə təzyiq göstərmək üçün öz vəzifələrini yerinə yetirməyə çağırıb.
Qəzzə Yardım Təşkilatı da bildirib ki, işğalçı ordu qaçqınların məskunlaşdığı məkanları hədəfə almaqla, Qəzzədə heç bir təhlükəsiz yerin olmadığı mesajını vermək niyyətindədir.