Fələstin Səhiyyə Nazirliyi (şənbə günü) açıqlama verərək bildirib: Ötən 24 saat ərzində digər 40 fələstinli sionist rejimi ordusunun hücumları nəticəsində şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyindən bildirilib: Sionist rejimi ordusunun Qəzzə zolağına olan təcavüzünün 434-cü günündə bu rejim 24 saat ərzində fələstinli mülki əhaliyə qarşı üç qətliam törədib. Bu cinayətlərdə 40 fələstinli şəhid olub və digər 98 nəfər isə yaralanıb.
Fələstin Səhiyyə Nazirliyi həyatını itirən minlərlə insanın cənazəsinin hələ də dağıntılar altında və yollarda qaldığına, sionist ordusunun ağır bombardmanları və lazımı imkanların olmaması səbəbilə təcili yardım maşınlarının, xilasetmə qüvvələrinin cənazələri çıxara bilmədiklərinə işarə edib.
Qəzzə zolağındakı Dövlət İnformasiya Ofisi də açıqlamasında bildirib ki, sionist rejimi ordusu tərəfindən ən-Nəsirat düşərgəsindəki bir yaşayış kompleksinin bombalanması nəticəsində 33 fələstinli şəhid olub, 84-dən çox insan isə yaralanıb və itkin düşüb.
Sionist rejimi Amerikanın dəstəyi ilə 2023-cü ilin Oktyabr ayının 7-dən etibarən Qəzzə zolağı sakinlərinə qarşı dağıdıcı müharibəyə başlayıb. Bunun nəticəsində də, böyük dağıntılardan və ölümcül qıtlıqdan əlavə, əksəriyyəti qadın və uşaqlardan ibarət olan minlərlə fələstinli şəhid olub və yaralanıb.
Sionistlər beynəlxalq ictimaiyyəti təhqir etməklə, BMT-nin Təhlükəsizlik Şurasının müharibəni təcili olaraq dayandırmaq üçün qəbul etdiyi qətnamələrini və Beynəlxalq Ədalət Məhkəməsinin soyqırımın qarşısının alınmasının zəruriliyi barəsindəki göstərişlərini görməzlikdən gəlməklə, hələ də bu bölgədəki cinayətlərinə davam edir.
Bütün bu cinayətlərə rəğmən, sionist rejimi etiraf edib ki, 1 ildən çox müharibə və hər növ cinayətdən sonra bu müharibədə hələ də HƏMAS-ın məhv edilməsi və sionist əsirlərinin Qəzzədən qaytarılması kimi öz hədəflərinə çata bilməyib.