İsrail ordusunun Qəzzə zolağında cinayətləri davam etməsi səbəbilə 60 Fələstin vətəndaşının şəhid olub, 284 nəfər isə yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi şənbə günü özünün son statistik məlumatlarında, son 24 saat ərzində bölgədə 60 Fələstin vətəndaşının şəhid olduğunu, 284 nəfərin isə yaralandığını açıqlayıb.
Bu hesabata görə, İsrail ordusunun 2025-ci il Martın 18-dən Qəzzə zolağına təcavüz və hücumlarının yeni mərhələsi başlayandan indiyədək 4117 nəfər şəhid olub, 1213 nəfər yaralanıb.
Bu şəhidlər də daxil olmaqla, 2023-cü il Oktyabrın 7-dən Qəzzə zolağında şəhid olanların ümumi sayı 54 min 381, yaralıların sayı isə 124 min 54 nəfərə çatıb.
Şənbə günü verilən məlumata əsasən, Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərində İsrail rejiminin pilotsuz təyyarəsinin fələstinlilərə hücumu nəticəsində iki nəfər şəhid olub.
Həmçinin Qəzzə zolağının cənubunda, Rəfəhin qərbində yardım paylama mərkəzində İsrail hərbiçilərinin fələstinlilərə atəş açması nəticəsində 2 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Digər tərəfdən, Qəzzə zolağının mərkəzindəki Deyr əl-Bələhin cənub-şərqi və Xan Yunis yaxınlığındakı Qayzan ən-Nəccar və Qayzan Əbu Rəşvan bölgələri də havadan və qurudan hədəfə alınıb.
Xəbər agentliklərindən birinin müxbiri, həmçinin Xan Yunisin şimal-şərqindəki əl-Qararah qəsəbəsində bəzi yaşayış binalarının dağıdılmasından xəbər verib.
Eyni zamanda İsrail rejimi Qəzzə şəhərinin şimalındakı Bürc əl-Nuru da bombalayıb. Fələstin mənbələri də Xan Yunisin cənub bölgələrinin şiddətli bombardman edildiyini bildirib.
İsrail ordusunun artilleriyası Xan Yunisin şərqindəki Qayzan ən-Nəccar, əl-Fuxari və əl-Absan ərazilərini güclü atəşə tutub. İşğalçı ordunun artilleriyası Qəzzə zolağının şimalında Qəzzə şəhərinin şərq rayonlarını və Cəbaliya əl-Bələdin şərqini də atəşə tutub.