Sionist rejimi Qəzzə zolağında atəşkəsin davamlı pozuntusunun ardınca həftənin çərşənbə günü Qəzzə zolağının cənubunu hədəfə alıb.
Sionist rejimin Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin şərqinə dron hücumu zamanı bir fələstinli şəhid olub və digər bir nəfər isə yaralanıb.
Məlumatlı tibb mənbələrindən biri İsrail rejiminin Rəfəhin şərqinə hücumunu təsdiqləməklə bildirib ki, bir şəhid və ağır vəziyyətdə olan bir yaralı Xan Yunis şəhərinin şərqindəki Qəzzə Avropa xəstəxanasına aparılıb.
Şahidlərin sözlərinə görə, İsrailə aid bir dron Rəfəhin şərqində yerləşən Əbu Həlavə məntəqəsindəki mənzillərinə tərəf getməkdə olan bir sıra fələstinliləri hədəfə alıb. Bunun nəticəsində də, bir nəfər həyatını itirib və digər bir nəfər isə ağır şəkildə yaralanıb.
Bundan əlavə, Fələstin media mənbələri işğalçıların Rəfəh şəhərinin qərbində yerləşən Tel-əs-Sultan məhəlləsindəki bəzi yaşayış mənzillərini dağıtdığı barədə məlumat veriblər.
Həmçinin verilən məlumata əsasən, ötən Yanvar ayının 19-da Qəzzə zolağında atəşkəs icra olunduğu vaxtdan indiyə qədər atəşkəsin sionist rejimi tərəfindən dəfələrlə pozulması səbəbilə 92 fələstinli şəhid olub və 822 nəfər isə yaralanıb.
Məlumatlı Fələstin mənbələrindən birinin çərşənbə axşamı günündəki açıqlamasına görə, atəşkəs icra olunan vaxtdan etibarən, İsrail rejimi son 23 gün ərzində 269 dəfə atəşkəsi pozub.

İsrail hərbiçiləri bu müddət ərzində demək olar ki, hər gün Qəzzə zolağının müxtəlif bölgələrində fələstinliləri atəş və dronla hədəfə alıb. Atəşkəsin davamlı olaraq pozulması və İsrail rejiminin atəşkəs şərtlərinə əməl etməməsinə görə, HƏMAS-ın sözçüsü Əbu Udeydə açıqlama verərək, düşmən əsirlərinin təhvil verilmə prosesinin növbəti bildirişə qədər təxirə salındığını bildirib.
HƏMAS ən mühüm atəşkəs pozuntularının bunlardan ibarət olduğunu açıqlayıb: sığıncaq qurulması üçün çadır, prefabrik evlər kimi əsaslı malların, yanacağın və həyatını itirənlərin cəsədlərinin dağıntılar altından çıxarılması üçün mexanizmlərin gəlişinin qarşısının alınması, xəstəxanaların və səhiyyə sektorunun yenidən qurulması üçün xəstəxanaların möhtac olduğu dərmanların və məhsulların Qəzzəyə girişinin təxirə salınması, fələstinli qaçqınların Qəzzə zolağının şimalına qayıtmasına maneə yaradılması.
