Qəzzə Səhiyyə Nazirliyi dünən (çərşənbə günü) ən son statistikasını açıqlayaraq ötən 24 saat ərzində 86 fələstinlinin şəhid olduğunu və sionistlərin cinayətləri başlayan vaxtdan (7 Oktyabr) bəri Qəzzə şəhidlərinin sayının 30 min 717 nəfərə çatdığını bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə Səhiyyə Nazirliyi sionist rejiminin Qəzzə zolağına qarşı hücumlarında şəhid olanların sayının 30 min 717 nəfərə və yaralıların sayının isə 72 min 156 nəfərə çatdığını bildirib.
Nazirlikdən verilən məlumata əsasən, Qəzzədə ötən 24 saat ərzində 9 cinayət hadisəsi törədilib ki, bu da 86 fələstinlinin şəhid olmasına və digər 113 nəfərin isə yaralanmasına səbəb olub.
Sionist rejiminin Qəzzə zolağına olan hücumlarının başlamasından 153 gün keçdiyi və bu böhranın həlli üçün vasitəçilərin səylərinin davam etdiyi halda, işğalçılar hələ də öz cinayətlərinə davam edirlər və Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərində növbəti bir fəciə və fəlakət yaratmaqdadırlar.
Sionist rejimi ardı-arası kəsilməyən təcavüzləri ilə yanaşı, mühasirə və humanitar yardımların və qida maddələrinin göndərilməsinin qarşısını almaqla vəziyyəti daha da fəlakətli edir. Hər gün qida çatışmazlığından həyatlarını itirən uşaqların sayı da artır.