Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaq qatili olan İsrail rejimi bomba və raket tipli hədiyyələrlə Qəzzədəki fələstinli uşaqların sorağına gedib.
Xarici KİV-in verdiyi məlumata görə, Həmasın hərbi qolu tərəfindən işğal olunmuş torpaqlarda Əqsa Fırtınası adlı əməliyyatlardan sonra sionist rejimi Qəzzəni bombalamağa başladı və bu hücumlar hələ də davam edir. Bu rejimin Qəzzə zolağına olan hücumlarının davam etməsi ilə eyni vaxtda Fələstin Səhiyyə Nazirliyi son statistikada bildirib ki, bu hücumlar nəticəsində 140-ı uşaq və 105-i qadın olmaqla, azı 687 nəfər şəhid olub.
Sionist rejimi 2008-ci ildən indiyədək dəfələrlə həyata keçirdiyi hərbi təcavüzlər zamanı Qəzzə zolağında minlərlə uşağı şəhid edib. Bundan əlavə, yüzlərlə uşaq xəstəliklərə və mühasirə altındakı pis şəraitə görə, canını tapşırıb.
Bununla əlaqədar İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani çərşənbə axşamı günü Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə sosial şəbəkələrin birində yazıb: Fələstinin işıqlı gələcəyi bu torpağın bu günkü uşaqları və sabahkı qurucularının əlindədir. Bu, qəsbkar sionist rejiminin həmişə qorxduğu şeydir.
O, əlavə edib: Uşaqların Beynəlxalq Müdafiəsi Günü (8 Oktyabr) uşaq qatili olan İsrail rejimi bomba və raket tipli hədiyyələrlə Qəzzədəki fələstinli uşaqların sorağına gedib və ötən iki gün ərzində 90-dan çox günahsız uşağın şirin canını alıb.
Kənani deyib: Uşaq Hüquqları Konvensiyasına əsasən, ayrı-seçkilik olmadan bütün uşaqların yaşama haqqı var.
O, 2023-cü ilin əvvəlindən indiyə kimi irqçi və qondarma sionist rejimi tərəfindən fələstinli 40 uşağın şəhid edilməsini bəyan edərək deyib: Uşaq öldürmək bu rejimin xarakteridir.