İsrail ordusu Qəzzə zolağının cənubunda yerləşən və öncədən təhlükəsiz zona olduğu bildirilən bir məntəqənin əsas su xəttlərini məhv edib.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə Mülki Müdafiə Təşkilatı dünən (cümə günü) sionist rejimi ordusunun Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisə hücumu zamanı bu ərzinin su xəttlərini məhv etdiyini açıqlayıb.
Qəzzə Mülki Müdafiə Təşkilatı İsrail rejiminin ordusunun daha öncə Xan Yunisi fələstinli mülki əhalinin məskunlaşması üçün humanitar zona olduğunu elan etdiyi halda bu ərazinin su xəttlərini məhv etdiyinə toxunub.
İsrail rejiminin ordu qüvvələri 22 gün ardıcıl olaraq Xan Yunisə hücum etdikdən sonra dünən səhər oranı tərk ediblər.
Qəzzə Mülki Müdafiə Təşkilatı Yardım və Təchizat İdarəsinin rəhbəri bildirib ki, İsrail qüvvələri Xan Yunisi tərk etdikdən sonra bu məntəqənin strukturlarının, obyektlərinin, yaşayış binalarının, həyati əhəmiyyətli tikililərinin və yollarının çoxunun dağıdıldığı müəyyən edilib.
Həmçinin qeyd edilib ki, xilasedici qüvvələr itkin düşənlərin dağıntıların altından çıxarılması üçün çalışırlar.