Dünən (bazar ertəsi) İsrail ordusu Qəzzədə Fələstin məktəbinin binasındakı qaçqın çadırına birbaşa hücum edərək bir neçə dinc sakinin həyatına son qoyub.
Xarici KİVin verdiyi məlumata əsasən, hücum Qəzzə zolağının mərkəzində yerləşən “ən-Nəsirat” düşərgəsində həyata keçirilib və ən azı 5 fələstinli mülki şəxs şəhid olub.
Ən-Nəsirat düşərgəsindəki “əl-Ovdə” xəstəxanası da bu hücumdan sonra daha 18 mülki vətəndaşın yaralanaraq bu xəstəxanaya köçürüldüyünü açıqlayıb.
Məlumata görə, hücum Birləşmiş Millətlər Təşkilatına məxsus məktəb binasında baş verib.
Qəzzə Səhiyyə Nazirliyinin açıqladığı son statistikaya əsasən, son bir ildə sionist rejimin hücumları nəticəsində 50 min 82 fələstinli şəhid olub, 113 mindən çox insan isə yaralanıb.
Qəzzə hökumətinin açıqlamasına görə, açıqlanan statistikaya yalnız yardım qüvvələrinin cəsədlərini dağıntılar altından çıxara bildikləri şəhidlərə şamildir. Yüzlərlə fələstinli şəhidin isə hələ də itkin düşdüyü bildirilir.