İvritdilli bir media etiraf edib ki, İsrail ordusu bir ildən artıqdır Qərb sahilində sionist hərbçilər və şəxsi silahları ilə evlərinə dönən hərbi qulluqçuların iştirakı ilə baş verən zorakılıq hadisələrinin statistikasını açıqlamaqdan imtina edir.
Real-israil saytının məlumatına görə, ivritdilli Şamurim analitik saytı yayımladığı hesabatda sionist məskunlaşanların silahlandırılması prosesinin miqyasını və bunun rejimin təhlükəsizliyinə mənfi təsirlərini araşdırıb və nəticəyə gəlib ki, vəziyyət nəzarətdən çıxıb.
Bu mediada bildirilir ki, bir neçə ay əvvəl “Yarı hərbçi, yarı quldur” adlı araşdırma dərc olunmuşdu; burada 7 oktyabr hücumundan sonra minlərlə silahın Qərb sahilindəki yaşayış məntəqələrinə paylanmasının mənfi təsirləri araşdırılırdı.
Bu silahların bir hissəsi məskunlaşan qruplara, digər hissəsi isə Qərb sahilində yaşayan və davamlı olaraq ehtiyat xidmətə çağırılan ehtiyat hərbçilərə verilib. Bunun bəhanəsi kimi Yəhuda və Şomronda (Qərb sahilində) təhlükəsizliyin gücləndirilməsi, guya fələstinli təşkilatların hücumlarının qarşısının alınması göstərilirdi. Amma eyni zamanda, “yarı hərbi forma geyinmiş, qanunsuz silahlı məskunlaşanlar” fenomeni yaranıb və onlar bölgədəki fələstinlilərə qarşı müxtəlif (terror) cinayətlər törədirlər.
Bütün bunlarla yanaşı, bu cür hərəkətlər İsrailin məhkəmə sistemində cinayət kimi qeydə alınmır; çünki İsrail polisi üçün hadisədə əsgər iştirak edirsə, bu artıq İsrail ordusunun daxili intizam məsələsi sayılır.
Məsələnin miqyasını anlamaq üçün jurnalistlər İsrail ordusuna müraciət edərək, xüsusi əməliyyat bölmələri və ehtiyat qrupların fələstinlilərə qarşı zorakılıqda iştirak etdiyi hadisələrin sayını soruşublar. Amma media yazır ki, ordunun bir ildən çoxdur bu sorğuya cavab verməkdən imtina etməsindən sonra, yalnız Azad Məlumat Hərəkatının məhkəməyə müraciətindən sonra ordu “belə məlumatlara malik olmadığını” açıqlayıb.
Başqa sözlə, İsrail ordusu xüsusi əməliyyat komandoları və məskunlaşan qrupların fələstinlilərə qarşı zorakılıq hallarını sistemli şəkildə qeydə almır və ümumiyyətlə bu hallar barədə məlumatsızdır.
Ordu etiraf edib ki, Qərb sahilində ehtiyat qüvvələrdən ibarət “Qamar” əsgərləri və məskunlaşanların müdafiəsi üçün yaradılan, əslində isə təxribat qrupları olan şəxslərin iştirak etdiyi zorakılıq hadisələri qeydə alınmır. Halbuki bu şəxslər hər zaman İsrail ordusunun silahları ilə təchiz olunublar, həmin qruplar məhz ordu tərəfindən təşkilatlandırılıb, təlim keçib və ordunun məsuliyyətindədir.
Media etiraf edir ki, məskunlaşanların hərbi silahlarla törətdiyi zorakılıqlar fələstinlilərə qarşı çoxsaylı cinayətlərə səbəb olub.
Eyni zamanda İsrail polisi yalnız mülki vətəndaşların törətdiyi hadisələrə baxmalı olduğunu iddia edərək bu cinayətlərə müdaxilə etmir, ordunun məhkəmə strukturu da bu hadisələrlə bağlı heç bir araşdırma aparmır.
Təxminən bir ay əvvəl Xirbət Cənbə bölgəsində baş verən hadisə bu təhlükəli tendensiyanı göstərir: onlarla israilli fələstinlilərin kəndinə hücum edib əmlaklarını dağıdıb. Ertəsi gün kənd şurasının sədri Nidal Yunis və bir sakin Ynet saytına bildiriblər ki, hücum edənlər “hərbi formada olan məskunlaşanlar” idi. Şura sədri fələstinlilərin polisə şikayət etdiyini desə də, İsrail ordusu bu hadisənin ordunun fəaliyyəti olduğunu bildirib və ən pis halda bunu “idarəetmə pozuntusu” kimi araşdırmağa razılaşıb.
Bu, hər həftə təkrarlanan cinayətlərdən yalnız biridir və internetdə Qərb sahilində məskunlaşanlarla fələstinlilər arasında baş verən toqquşmaların videoları yayılır; videolarda çox vaxt hərbi silahlı və bəzən rəsmi və ya yarı-rəsmi geyimdə olan məskunlaşanlar görünür.
İsrail ordusunun sözçülük bürosu isə məskunlaşanların hərbi silahlarla törətdiyi cinayətlərə laqeyd qalmasını belə əsaslandırıb: “Hərbi qulluqçular tərəfindən törədilən şübhəli cinayətlər, istər adi, istərsə də ehtiyatda olanlar, İsrail ordusu və polis arasında razılaşdırılmış siyasətə uyğun olaraq araşdırılır və bu siyasət baş prokurorluq tərəfindən icra olunur.”
Amma media etiraf edir ki, faktiki olaraq bu işlər polis, ordunun məhkəmə sistemi və baş prokurorluq arasında məsuliyyətin ötürülməsi ilə nəticələnir və günahkarlar heç bir araşdırma aparılmadan cəzasız qalır.