İsrail qırıcıları Qəzzə zolağında fələstinli bir jurnalistin evini hədəf seçməklə onu bütün ailə üzvləri ilə birlikdə şəhid ediblər.
Qəzzə zolağında yerləşən “Kamal Üdvan” xəstəxanasındakı bir mənbə bugün (şənbə) xəbər agentliklərindən birinə bildirib ki, bu fələstinli jurnalistin adı “Məhəmməd Casir” olub və onun evi Qəzzə zolağının şimalında yerləşən “Cəbaliya” düşərgəsində İsrailə aid qırıcılar tərəfindən hücuma məruz qalıb.
Həmin mənbə əlavə olaraq bildirib ki, bu fələstinli jurnalist həyat yoldaşı və ailənin iki övladı ilə birlikdə bu hücumda şəhid olub.
Bu fələstinli jurnalistin şəhadətindən sonra Qəzzə zolağında “əl-Əqsa Fırtınası” əməliyyatları başlayan vaxtdan indiyədək şəhid olan jurnalistlərin sayı 161 nəfərə çatıb.
Bu hücumla yanaşı sionist rejiminin ordusu bugün səhər saatlarına yaxın bir vaxtda Qəzzə zolağındakı müxtəlif bölgələrdəki bir neçə evi bombalayıb. Bu da, onlarla fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnib.
Sionist rejiminin ordusu ötən ilin Oktyabr ayının 7-dən indiyə qədər Qəzzə zolağında dağıdıcı müharibəyə başlayıb və 38 mindən çox fələstinlini şəhid edib.
Qəzzə Səhiyyə Nazirliyi şəhid olanların əksəriyyətinin qadın, uşaq və yaşlı insanlar olduğunu, 10 minə yaxın insanın isə hələ də itkin düşdüyünü açıqlayıb.