2010-cu ildən bəri işğalçı İsrail rejimi Əl-Xəlildə yerləşən müqəddəs İbrahimi Məscidinə nəzarəti ələ keçirmək istiqamətində ardıcıl addımlar atır. Həmin il, 21 fevral tarixində işğalçı baş nazir Benyamin Netanyahunun bu məkanı “yəhudi irs abidəsi” elan etməsi bu siyasətin dönüş nöqtəsi olmuşdu. Netanyahunun dediyinə görə, həmin vaxt bu qərara qarşı dünya liderlərindən heç bir etiraz zəngi almamışdı.
Bu bəyanatdan sonra məscidin yəhudiləşdirilməsi məqsədilə yolların çəkilməsi, nəzarət-buraxılış məntəqələrinin qurulması, İsrail bayraqlarının asılması, arxeoloji qazıntıların aparılması və tarixi görünüşünün dəyişdirilməsi kimi tədbirlər həyata keçirilib. Eyni zamanda, fələstinlilərin təmir və bərpa işlərindəki səlahiyyətləri də tamamilə arxa plana atılıb.
Bu tədbirlər, iki gün əvvəl İbrahimi Məscidinin idarəçiliyinin Xəlil Bələdiyyəsi və Fələstin Vəqflər Nazirliyindən alınaraq, Kiryat Arba məskunlaşma bölgəsində yerləşən yəhudi dini şurasına verilməsi ilə pik nöqtəyə çatıb.
Aktivistlər və müşahidəçilər bildirirlər ki, rəsmi, ictimai, fraksional və institusional səviyyələrdə heç kim bu qərara qarşı effektiv reaksiya verməyib. Nəticədə, bu təhlükəli qərar heç bir müqavimət və etirazla qarşılaşmadan həyata keçirilib.
Xəlildəki “Məskunlaşmaya Qarşı Gənclər Hərəkatı”nın koordinatoru İsa Amro Quds Network-ə bildirib ki, həm vəqflər idarəsi, həm də Xəlil vilayət valiliyi və bələdiyyə bu yeni addımı inkar etsələr də, onun tətbiqi hələ rəsmi elan olunmadan əvvəl artıq başlayıb. Onun sözlərinə görə, son aylarda məscidin ətrafında və idarəçilik strukturunda baş verən “əsaslı dəyişikliklər”, İsrailin status-kvonu dəyişmək üçün mərhələli şəkildə irəlilədiyini göstərir.
Amro qeyd edir ki, dönüş nöqtəsi İsrailin İbrahimi Məscidini “Makpela mağarası” adlandıraraq oraya “müdir” təyin etməsi olub. Bu vəzifəyə Kiryat Arba məskunlaşmasından bir yəhudi gətirilib və bu addım haqqında fələstinli rəsmi qurumların məlumatlı olduğu, lakin məsuliyyətdən yayınmaq üçün susqun qaldıqları bildirilir.
Amro davam edir: “İbrahimi Məscidində xidmət edənlər uzaqlaşdırılıb, bəziləri həbs olunub, sənədləşdirmə qadağan edilib – bu, Əl-Əqsa Məscidində baş verənləri xatırladır. Burada da fələstinlilər ibadət məkanından kənarlaşdırılır və işğalçı rejim işğal altındakı İordan çayının qərb sahilində öz mülki qanunlarını tətbiq etməyə başlayır. Bu isə olduqca təhlükəli bir inkişafdır.”
O əlavə edib ki, bu addımlar məscidi hərbi yox, mülki idarəçiliyə tabe edən dəyişikliklərdir və nəticədə məscid tamamilə İsrailin nəzarətinə keçəcək: “İşğalçı artıq məsciddə hər şeyə – xalçanın rəngindən tutmuş, namaz vaxtlarına və ziyarətçilərin adlarına qədər – qərar verəcək. O nöqtəyə çatacağıq ki, hər hansı bir addım atmadan öncə Kiryat Arba məskunlaşma şurasından icazə almaq məcburiyyətində qalacağıq.”
Amro əlavə edib ki, son vaxtlar dini bayramlar zamanı su stəkanları və xurma gətirilməsinə belə qadağa qoyulub. Məscidin cənub qapısı isə 7 oktyabr 2023-cü ildən – Əbu Riş keçidinin bağlanmasından sonra – bağlı qalır və bu qapının açılması üçün heç bir rəsmi təşəbbüs göstərilməyib. Onun fikrincə, bu siyasət Əl-Əqsa Məscidinə də sirayət edə bilər.
Amro xəbərdarlıq edir: “Növbəti mərhələdə fələstinlilər hər hansı təmir və ya qapıların açılması üçün belə Kiryat Arba Bələdiyyəsinə rəsmi müraciət etmək məcburiyyətində qalacaqlar. Bu isə həm vəqflər nazirliyinin, həm də Fələstin hakimiyyətinin səlahiyyətlərinin tamamilə əlindən alınması deməkdir.”
O əlavə edir: “Hazırkı vəziyyət göstərir ki, işğalçı yalnız idarəçiliyə deyil, məsciddəki bütün detallara nəzarət edir – məkanın görünüşü, kameraların yeri, ziyarətçilərin kimliyi və hətta xurma və su stəkanları belə daxil olmaqla.”
Amro sonda rəsmi mövqeyin zəifliyini belə dəyərləndirir: “Qərarın elanından sonra Xəlilə gələn nazirlər, bələdiyyə və vilayət rəhbərliyi ya məsuliyyətsizdir, ya qorxaq, ya da acizdir. Fələstin rəhbərliyi isə bu məsuliyyəti üzərinə götürməli olduğu halda, nəticə verməyən təyinlərə davam edir və İbrahimi Məscidinin hüquqi, siyasi və dini müdafiəsini özəl inhisara çevirir.”
Planlı ilhaq siyasəti
Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Dr. Mustafa Bərğuti Quds Network-ə açıqlamasında bildirib ki, Xəlildə baş verənlər, İsrailin İordan çayının qərb sahili və Qəzzadakı ilhaq və yəhudiləşdirmə planının bir hissəsidir. “İşğalçı rejim İbrahimi Məscidində yeni reallıq formalaşdırır. Məscidi yalnız yəhudi ibadətgahına çevirmək və müsəlmanların oradan istifadəsini məhdudlaşdırmaq istəyir. Bu, Xəlilin yəhudiləşdirilməsini sürətləndirəcək və Əl-Əqsa’ya qədər uzana bilər,” – deyə Bərğuti qeyd edib.
Bərğutiyə görə, bir məskunlaşma qurumuna belə bir müqəddəs məkana nəzarət səlahiyyətinin verilməsi, Fələstin səlahiyyətlərinin tamamilə alınması və məscidin Fələstin suverenliyindən çıxarılması deməkdir. O əlavə edir: “Bu, uzunmüddətli bir layihənin tərkib hissəsidir və məqsəd İsrailin dini və inzibati nəzarətini tam olaraq təmin etməkdir. Bu plan Xəlil Protokolunun və beynəlxalq razılaşmaların açıq şəkildə pozulmasıdır.”
Bərğuti vurğulayır ki, bu təhlükə yalnız İbrahimi Məscidi ilə məhdudlaşmır, bütövlükdə şəhəri və digər müqəddəs yerləri hədəf alan genişmiqyaslı bir yəhudiləşdirmə siyasətinin başlanğıcıdır.
O bildirir: “İsrail bizim hüquqlarımızı istədiyi kimi tapdalayır, çünki qarşısında birlikdə hərəkət edən güclü bir fələstinli qurum görmür. Yeganə çıxış yolu Pekin razılaşmasının dərhal tətbiqi və vahid milli rəhbərliyin formalaşdırılmasıdır. Əks halda, İsrail yerində yeni reallıqlar yaratmaqda davam edəcək.”
Bərğuti belə yekunlaşdırır: “Əgər bu birlik təmin olunmursa, ən azı Fələstin rəhbərliyi öz səlahiyyətlərini qorumalı və işğalçıya açıq şəkildə bildirməlidir ki, İbrahimi Məscidi ilə bağlı atılan addımlar dərhal təhlükəsizlik əməkdaşlığının dayandırılması ilə nəticələnəcək – və bəlkə də daha ciddi addımlarla. Əks təqdirdə, nəzarət birdəfəlik əldən çıxacaq.”
Rəsmi bildiriş yoxdur
Öz növbəsində, Xəlil şəhərindəki Vəqflər İdarəsinin rəhbəri Əmcəd Kərcə Quds Network-ə bildirib ki, İsrail mediasında yayılan, məscidin idarəçiliyinin Xəlil bələdiyyəsi və vəqflər nazirliyindən alınıb Kiryat Arba məskunlaşma şurasına verilməsi barədə xəbərlə bağlı heç bir rəsmi bildiriş almayıblar. “Bu xəbər yalnız yəhudi mətbuatında yayımlanıb, işğalçı tərəfdən tanınmış kanallar vasitəsilə bizə heç bir rəsmi qərar çatdırılmayıb,” – deyə Kərcə vurğulayıb.
O qeyd edib ki, Vəqflər Nazirliyi fələstinli əlaqələndiricilər vasitəsilə israilli tərəflə əlaqə saxlayıb və onlardan bu barədə heç bir rəsmi sənədin mövcud olmadığına dair təsdiq alınıb. “Hazırda yerində dəyişiklik yoxdur, vəqf işçiləri əvvəlki kimi fəaliyyət göstərir, iş rejimi və gündəlik tapşırıqlarda dəyişiklik qeydə alınmayıb.”
Kərcə bildirib ki, məscidə dair istənilən inzibati və texniki dəyişiklik yazılı şəkildə, əlaqələndirmə kanalları vasitəsilə bildirilməlidir – lakin bu, hələ baş verməyib. Bununla belə, o, məsciddə uzun müddətdir davam edən ardıcıl pozuntular və hücumlar barədə xəbərdarlıq edib. Bunlara elektrik şkaflarına qıfılların vurulması, şərq qapısının bağlı saxlanılması və dini bayramlarda məscidin tam şəkildə vəqflər nazirliyinə təhvil verilməsinin qarşısının alınması daxildir.
Kərcə bildirib ki, İbrahimi Məscidi “təmamilə islam məscididir” və dini və inzibati baxımdan Fələstin Vəqflər Nazirliyinə, xidmət baxımından isə Xəlil Bələdiyyəsinə tabedir. O əlavə edib ki, məscid UNESCO tərəfindən İslam mədəni irs abidəsi kimi tanınıb.
Nazirlik mədəniyyət, turizm və İbrahimi Məscidinin Bərpa Komitəsi ilə birlikdə iclaslar keçirir, Xəlil valisi ilə koordinasiya olunur və məsciddə rəsmi və xalq iştirakını gücləndirməyə çalışır. O bildirib ki, məsciddə vaizlər və dini bələdçilər daim fəaliyyət göstərir və fələstinlilərdən məsciddə iştirakı artıraraq işğalçının bu cəhdlərinə qarşı açıq mesaj göndərmələrini istəyirlər.
Sonda Kərcə bildirib ki, gündəlik olaraq məsciddəki vəziyyətlə bağlı hesabatlar hazırlanır və bu hesabatlar həm rəsmi fələstinli qurumlara, həm də beynəlxalq təşkilatlara göndərilir.
Kərcə xəbərdarlıqla yekunlaşdırıb: “Əgər – Allah eləməsin – bu qərar reallığa çevrilərsə, bu, vəqflər nazirliyinin və Xəlil Bələdiyyəsinin səlahiyyətlərinin ləğvi deməkdir. Bu isə tam nəzarətin ələ keçirilməsi və məscidin islam statusuna ciddi təhdid deməkdir. İşğalçıdan hər şey gözləmək olar.”
Qoldşteyn qətliamından İbrahimi Məscidinin məskunlaşanlara təhvil verilməsinə qədər – İşğalçı rejim bu müqəddəs məkanı necə ələ keçirdi?
Əməli nəzarətin başlanğıcı: 1994-cü il Qətliamı
İbrahimi Məscidinə faktiki nəzarət 1994-cü il 25 fevral tarixində başladı. Həmin gün, radikal yəhudi məskunlaşan Barux Qoldşteyn sübh namazı zamanı məsciddə dəhşətli bir qətliam törətdi. Hücum nəticəsində 29 fələstinli şəhid oldu, 150-dən çox insan isə yaralandı, daha sonra isə baş qaldıran etirazlarda 20 fələstinli daha şəhid edildi.
Hadisənin ardından İsrail hökuməti “Şamgar Komissiyası”nı yaratdı. Komissiya məscidin 63%-nin yəhudilərə, 37%-nin isə müsəlmanlara ayrılmasını, ətrafında çoxsəviyyəli təhlükəsizlik tədbirlərinin tətbiqini, və ilin yalnız 10 günü müsəlmanlara, 10 günü isə yəhudilərə tam şəkildə təhvil verilməsini tövsiyə etdi. Bu təkliflər daha sonra “zamani və məkan üzrə bölünmə” kimi tanındı.
Bu prinsiplər 1997-ci ildə imzalanan Xəlil Protokolunda rəsmiləşdirildi. Protokol, İbrahimi Məscidinin böyük hissəsinə işğalçıların nəzarətini tanısa da, Fələstin tərəfinin – Vəqflər Nazirliyi və Xəlil Bələdiyyəsi vasitəsilə – dini və inzibati səlahiyyətlərini qorumasını nəzərdə tuturdu.
Amma məscidin yəhudiləşdirilməsinin pik mərhələsi 2010-cu ildən etibarən başlayıb və bu günədək rəsmi susqunluq və ərəb dünyasının reaksiyasızlığı ilə davam edir.
Netanyahunun elanından əməli mərhələyə keçid (2010 – 2014)
İşğalçı rejim 2010-cu il 21 fevral tarixində İbrahimi Məscidini “yəhudi irsi abidələri siyahısına” saldığını elan etdikdən sonra işlərə sürətlə başladı. Netanyahunun bu addımına heç bir beynəlxalq etiraz gəlmədi.
Ardınca dövlət büdcəsindən ayrılan vəsaitlərlə bir sıra yəhudiləşdirmə layihələrinə start verildi. 2012-ci ildə “Kiryat Arba” məskunlaşması ilə məscidi birləşdirən yol açıldı, sonra işğal olunmuş hissədə qazıntı və elektrik infrastrukturunun qurulması həyata keçirildi. Məscid daxilində hərbi təlimlər müşahidə olundu. 2014-cü ildə isə bəzi yəhudi dini bayramlarında İsrail bayraqları və şamdanlar məscidin damına asıldı.
Ərazi nəzarətinin möhkəmləndirilməsi və yəhudiləşdirmə layihələri (2015 – 2019)
2015–2019-cu illər arasında işğalçı qüvvələr məscidə nəzarəti daha da sərtləşdirdi. Daha çox hərbi keçid məntəqələri, nəzarət kameraları quraşdırıldı, ətrafdakı evlər müsadirə edildi.
Eyni zamanda, “yəhudi turizm marşrutu” adı altında elektrik liftinin tikintisinə başlandı. 4 sentyabr 2019-cu ildə işğalçı baş nazir Netanyahu, nazirləri ilə birlikdə məscidi ziyarət edərək, “Buradan heç kim bizi qovmayacaq. Biz Xəlildə əbədi qalacağıq” deyə bəyanat verdi. Eyni vaxtda köhnə şəhərdəki məskunlaşma məhəlləsinin genişləndirilməsi qərarı verildi.
Siyasi sahiblənmənin rəsmi tanınması (2020 – 2023)
2020-ci illə birlikdə, elektrik lift layihəsi daha da açıq həyata keçirilməyə başlandı. 28 noyabr 2021-ci ildə İsrailin prezidenti İshaq Hersoq güclü təhlükəsizlik tədbirləri altında məscidə daxil oldu – bu da rəsmi səviyyədə siyasi sahiblənmənin bariz göstəricisi idi.
2022-ci ildə liftin inşası başa çatdırıldı. Məscidə kütləvi basqınlar intensivləşdi. Xüsusilə “Kiryat Arba”da yaşayan ekstremist nazir İtamar Ben Qvir məscidi seçki təbliğatı platformasına çevirdi, musiqi, rəqs və spirtli içkilərlə müşayiət olunan tədbirlər keçirdi. Bu basqınlarda ona nüvə bombası ilə Qəzzanın vurulmasını tələb edən digər radikal nazir Amihay Eliyahu da tez-tez qoşulur.
Bu hücumlarda yəhudi dini ayinləri həyata keçirilir, bayraqlar asılır, azan qadağan olunur, işıqlandırma və daxili arxitektura dəyişdirilir, məscidin həyəti və yaxın parkında isə intensiv qazıntılar aparılır.
İslam vəqflərinin neytrallaşdırılması və nəzarətin rəsmiləşdirilməsi (2024)
2023-cü ildə işğalçılar İbrahimi Məscidinə tam nəzarət etdikləri günlərin sayını 10-dan 12-yə çatdırdılar – bu, son 30 ildə görünməmiş addım idi. Eyni zamanda namazların və azanın qadağan edildiyi günlərin sayı da artırıldı.
İşğalçılar liftin elektrik yükünü artırmaq bəhanəsi ilə məscidin yaxınlığında yenidən qazıntı işləri aparmağa başladı. Xəlil Bələdiyyəsinin bu tələbi yerinə yetirməməsi isə Şamgar Komissiyasının tövsiyələrinə zidd addım kimi dəyərləndirildi.
İşğalçılar əvvəlcə məscidin üst hissəsini örtmək planını ortaya atsa da, sonradan geri çəkildi. Lakin indi bu layihəni yenidən gündəmə gətirəcəkləri ilə hədələyirlər.
Tam nəzarətin rəsmiləşdirilməsi (2024 sonu – 2025)
2024-cü il 2 noyabr tarixində, “Likud” partiyasından olan Knesset üzvü Avixay Buaron bəyan etdi:
“Biz İbrahimi Məscidini metr-metr ələ alacağıq və onu Oslo razılaşmalarından çıxaracağıq.”
2025-ci ildə isə təzyiqlər misilsiz səviyyəyə çatdı. Müsəlman bayramlarında məscidin tam təhvil verilməsi rədd edildi, “təhlükəsizlik və fövqəladə vəziyyət” bəhanəsi ilə qapılar bağlandı, tarixi qıfıllar dəyişdirildi, bayramlarda su və xurmanın gətirilməsinə qadağa qoyuldu, ekstremist nazirlər və Knesset üzvləri tərəfindən hücumlar həyata keçirildi.
Və nəhayət, 2025-ci il 15 iyul tarixində İsrailin “İsrael Hayom” qəzeti İbrahimi Məscidinin idarəçiliyinin rəsmi olaraq Xəlil Bələdiyyəsi və Vəqflər Nazirliyindən alınaraq Kiryat Arba məskunlaşmasında yaradılmış “Yəhudi dini şurası”na verildiyini açıqladı.
Bu qərar, 1997-ci il Xəlil Protokolunun imzalanmasından bu yana mövcud status-kvoya qarşı ən təhlükəli və fundamental dəyişiklik sayılır.