“Hind Rəcəb” hüquq təşkilatı Kipr Respublikasının yunan hissəsi hakimiyyətindən hazırda onların ərazisində olan və Qəzza zolağında hərbi cinayətlər törətməkdə iştirak etmiş israilli əsgərin dərhal həbs olunmasını tələb edib.
Təşkilat rəsmi saytında dərc etdiyi bəyanatda bildirib ki, 18 iyul tarixindən Kipr ərazisində olan işğalçı ordu əsgəri, druz mənşəli “Tamer Mela”nın dərhal həbsi üçün Kipr Respublikasının yunan hissəsi hakimiyyətinə rəsmi cinayət şikayəti təqdim edib.
Təşkilatın məlumatına görə, “Mela” işğalçı ordunun “35-ci Paraşüt Briqadasının tərkibində olan 101-ci Paraşüt Taburunda” xidmət edib və bu tabur Fələstin şəhərlərinin, xəstəxanalarının və qaçqın düşərgələrinin dağıdılmasında əsas rol oynayıb.
Şikayətdə Tamer Mela-nın beynəlxalq hüququn ciddi şəkildə pozulmasında şəxsi iştirakına dair təkzibedilməz sübutlar təqdim olunub. Buna mülki evlərin Xan Yunis, Cəbalya və Deyr əl-Bələh şəhərlərində qəsdən dağıdılması, buldozerlər, partlayıcı maddələr və birbaşa atəşdən istifadə etməklə həyata keçirilən məhvetmə əməliyyatlarının çəkilməsi və yayımlanması daxildir.
Əsgər həmçinin yaşayış binalarının axtarış əməliyyatlarından əvvəl və sonra yandırılmasında iştirakını, bunu adi dağıdıcı təcrübə kimi paylaşmasını, eləcə də 2024-cü ilin mayında Cəbalya oğlanlar ibtidai məktəbinin dağıdılmasında iştirakını və məhv səhnələrini sənədləşdirərək yaymasını göstərib.
Mənbəyə görə, Mela 26 fevral 2024-cü ildə Xan Yunisdə yerləşən və 10 mindən çox məcburi köçkünlə yüzlərlə xəstəni sığınacaq verən Nasir Xəstəxanasının zorla boşaldılmasını şəxsən idarə edib və sənədləşdirib.
Ötən bazar ertəsi “Hind Rəcəb” bildirib ki, Belçika hakimiyyəti Fələstinlilərə qarşı Qəzza zolağında hərbi cinayətlər törətməkdə şübhəli bilinən iki israilli əsgəri saxlayıb və dindirib. Bu, Avropada bir ilk olub.
Həmin vaxt təşkilat bəyan etmişdi: “Onlar saxlanıldıqdan sonra rəsmi olaraq dindirildilər və azadlığa buraxıldılar, Belçika Federal Prokurorluğu isə hazırda cinayət təhqiqatının davam etdiyini təsdiqlədi.”