Fransız və belçikalı vəkillər bu cümə axşamı Avropa Ədalət Məhkəməsinə (CJEU) Aİ Komissiyası və Şurasına qarşı Qəzzada baş verən soyqırımı qarşısını almaqda “uğursuzluq” ittihamı ilə iddia qaldırmağa hazırlaşır.
Hüquqi addım, Aİ xarici işlər nazirlərinin çərşənbə axşamı günü Aİ–İsrail Assosiasiya Sazişinin dayandırılması barədə razılığa gələ bilməməsindən sonra atılır.
Sazişin yenidən nəzərdən keçirilməsi zamanı müəyyən olunub ki, İsrail bu tərəfdaşlıq çərçivəsində insan hüquqları ilə bağlı müddəaları pozub.
Aİ–İsrail Assosiasiya Sazişi İsrailə üstün ticarət şərtləri, tədqiqat, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlıq, eləcə də siyasi dialoq üçün çərçivə təmin edir.
Sazişin 2-ci maddəsində qeyd olunur ki, demokratiya prinsiplərinə və insan hüquqlarına hörmət bu tərəfdaşlığın əsas şərtidir.
Lüksemburqda qaldırılacaq bu iddia, Aİ-nin iki əsas qurumunu – Komissiyanı və Şuranı – Qəzzada beynəlxalq hüququn kobud şəkildə pozulması qarşısında hərəkətsiz qaldıqları üçün ilk dəfə olaraq məhkəməyə çəkəcək.
İsrailin Qəzzaya qarşı müharibəsi artıq bəzi Aİ üzv dövlətləri – o cümlədən İspaniya, İrlandiya və Sloveniya – tərəfindən açıq şəkildə “soyqırımı” adlandırılıb.
İddia Fransada yerləşən və beynəlxalq hüququn qorunması uğrunda çalışan hüquqşünaslardan ibarət QHT – Jurists for the Respect of International Law (Jurdi) – tərəfindən təqdim olunacaq. Təşkilat mayın 12 və 15-də Komissiyaya və Şuraya rəsmi bildiriş göndərərək Aİ–İsrail əməkdaşlıq sazişlərinin dayandırılmasını və İsrailə silah tədarükünün kəsilməsini tələb edib.
Jurdi Aİ Ədalət Məhkəsindən bu fəaliyyətsizliyin rəsmi şəkildə tanınmasını və Aİ qurumlarına İsraillə əməkdaşlığın dərhal dayandırılması, hədəfli sanksiyaların tətbiqi və soyqırımın qarşısını almaqla bağlı hüquqi öhdəliklərin yerinə yetirilməsi üçün tədbir görməyi əmr etməsini istəyir.
Jurdi-nin rəhbəri Patrik Zahnd Middle East Eye portalına bildirib ki, təşkilat eyni zamanda məhkəmədən qabaqlayıcı tədbirlərin də elan olunmasını tələb edir.
Jurdi bildirir ki, Aİ Komissiyası həm Aİ–İsrail Assosiasiya Sazişinə, həm də Aİ-nin fəaliyyət prinsiplərini müəyyən edən müqaviləyə (TFEU – Avropa İttifaqının Fəaliyyətinə dair Müqavilə) uyğun olaraq – konkret olaraq 2, 3, 21, 29 və 215-ci maddələrə əsasən – hüquqi məsuliyyət daşıyır. Bu məsuliyyət həmçinin beynəlxalq adət hüququnun məcburi (jus cogens) normalarını da əhatə edir və Aİ-nin bütün institutları üçün keçərlidir.
İddiada Aİ-nin beynəlxalq hüququn dörd əsas prinsipini pozduğu qeyd olunur:
- Soyqırımın qarşısını almaq öhdəliyi;
- Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququna mane olan hərəkətlərin dayandırılması öhdəliyi;
- Qanunsuz vəziyyətin – o cümlədən uzunmüddətli işğalın – tanınmaması və dəstəklənməməsi prinsipi;
- Xüsusilə müharibə cinayətləri və insanlığa qarşı cinayətlər fonunda beynəlxalq humanitar hüquqa hörmətin təmin edilməsi vəzifəsi.
Çərşənbə axşamı Brüsseldə keçirilən iclasda Aİ-nin 27 üzv dövlətinin xarici işlər nazirləri Aİ–İsrail Assosiasiya Sazişinin dayandırılması barədə razılığa gələ bilməyib.
Bundan əlavə, ticarət sazişindəki insan hüquqları şərtlərinin pozulması aşkarlandıqdan sonra təklif olunan doqquz sanksiya variantından heç biri təsdiqlənməyib.
Təklif olunan tədbirlər arasında bunlar var idi: sazişin tam dayandırılması, ticarət güzəştlərinin ləğvi, İsrailə silah embarqosu, israilli nazirlərə qarşı sanksiyalar və işğal altındakı Fələstin ərazilərində yerləşən İsrail məskənləri ilə ticarətə qadağa qoyulması.
Bu iddia, Avropa İttifaqının siyasi iradəsinin, beynəlxalq hüququn qorunması və soyqırımın qarşısını almaq kimi fundamental prinsiplər qarşısında yetərsiz qalması ilə bağlı ciddi hüquqi və etik sualları gündəmə gətirir.