
CNN-in apardığı araşdırma, 2 iyun tarixində Rəfahda baş verən və azı 31 fələstinlinin şəhid olması, təxminən 90 nəfərin yaralanması ilə nəticələnən hadisədə sionist rejim qüvvələrinin birbaşa iştirakını sübut edib. Qətliam, fələstinlilərin ABŞ-sionist “Qəzza Humanitar Fondu”nun (GHF) yardımı üçün növbəyə durduğu bir zamanda törədilib.
CNN-in təqdim etdiyi coğrafi yerləşdirməyə əsaslanan videolar, şahid ifadələri və ballistik analizlər göstərir ki, Tal əl-Sultan bölgəsindəki bir dairə ətrafında — hərbiləşdirilmiş yardım məntəqəsindən təxminən 800 metr məsafədə — sionist rejimin əsgərləri vaxtaşırı atəş açıblar.
Silah mütəxəssislərinin CNN-ə verdiyi məlumata görə, hadisə zamanı istifadə edilən atəş səsləri sionist rejim ordusuna məxsus pulemyotların atəş ritminə uyğundur. Şəhidlərin cəsədlərindən çıxarılan güllələrin isə sionist ordusunun istifadə etdiyi silah sursatına uyğun olduğu təsdiqlənib.
Bu sübutlar sionist rejimin qəsdən mülki fələstinliləri, o cümlədən aclıq və ehtiyac içində olan insanları hədəfə aldığını ortaya qoyur. Rəfah faciəsi, beynəlxalq ictimaiyyətin susqunluğu fonunda Qəzzada davam edən soyqırımın daha bir qanlı səhifəsi oldu.