İsrail qüvvələri Fələstin sakinlərini zorla köçürmək üçün Qüdsün Şeyx Cərrah məhəlləsinə basqın edərək daun sindromlu bir gəncə vəhşicəsinə hücum edib.
Beynəlxalq Təsnim Xəbər Agentliyinin məlumatına görə, dünən axşam saatlarında İsrail rejiminin işğalçı qüvvələri işğal altındakı Qüdsün Şeyx Cərrah məhəlləsində baş verən qarşıdurmalar zamanı daun sindromlu fələstinli gəncə vəhşicəsinə hücum edib.
Fələstinin Şəhab xəbər agentliyi sionist hərbçilərin onu həbs etmək niyyətində olduqlarını, lakin hadisə yerində olan fələstinlilərin işğalçılarla toqquşaraq gəncin saxlanılmasına mane olduğunu bildirib.
Gənc fələstinli müalicə üçün xəstəxanaya aparılıb.
İsrail işğalçılarının Şeyx Cərrah məhəlləsinin sakinlərinə və onlarla həmrəylik nümayiş etdirmək üçün məhəlləyə toplaşan insanlara hücum etməsi nəticəsində çoxlu sayda insan yaralanıb və ya gözyaşardıcı qaza məruz qalıb.
Artıq illərdir ki, İsrail rejimi Qüdsü yəhudiləşdirmək siyasətini davam etdirir. Evləri dağıtmaq, zorla zəbt etmək və insanları qorxutmaq kimi müxtəlif təhdid vasitələrilə əsl sakinləri məhəllədən çıxarmağa və fələstinlilərin evlərini ekstremist sionistlərə təhvil verməyə çalışır.
HƏMAS gənc fələstinlinin döyülməsinə münasibət bildirib
HƏMAS-ın sözçüsü Əbdüllətif Əl-Qanu bu vəhşi hərəkətə cavab olaraq bildirib: “Daun sindromlu gənc fələstinlinin döyülməsi insanlığa qarşı cinayətdir və işğalçıların davranışlarının çirkinliyini və Fələstin xalqına qarşı vəhşiliyini göstərir.”
O, Şeyx Cərrah məhəlləsində yaşayan fələstinliləri işğalçılara müqavimət göstərdiklərinə görə salamlayıb və onlara təşəkkürünü bildirib.