Yüzlərlə kino fəalı Qəzzə xalqına dəstək üçün İsrail kino sənayesi ilə bundan sonra əməkdaşlıq etməyəcəklərini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, dünya kino sənətinin tanınmış yüzlərlə nümayəndəsi, o cümlədən aktyorlar, rejissyorlar və film sənayesi fəalları beynəlxalq bir öhdəlik məktubuna imza ataraq, “Fələstin xalqına qarşı soyqırım və ayrı-seçkilikdə iştirak edən” İsrail kino təşkilatları ilə əməkdaşlıq etməyəcəklərini bəyan ediblər.
Bu öhdəlik məktubu indiyə qədər 1500-dən çox imza toplayıb və Qəzzəyə hücumun başlanmasından bəri sionist rejimə qarşı ən önəmli mədəni kampaniyalardan biri sayılır.
İmzalayanlar arasında Yorgos Lanthimos, Ava DuVernay, Asif Kapadia, Boots Riley və Joshua Oppenheimer kimi rejissorlar, Olivia Colman, Mark Ruffalo, Tilda Swinton, Javier Bardem, Riz Ahmed, Cosh O’Connor və Culie Christie kimi aktyorlar var. İmzalayanlar İsrail festivalları, kinoteatrları, televiziya şəbəkələri və hər hansı şəkildə “cinayətləri ağartmaq və ya bəraət qazandırmaq”da iştirak edən istehsal və yayım şirkətləri ilə əməkdaşlıqdan imtina edəcəklərini açıqlayıblar.
Bəyanatda vurğulanıb ki, bu hərəkat Cənubi Afrikada aparteid əleyhinə mübarizə dövründə həyata keçirilən mədəni sanksiyalardan ilhamlanıb və məqsədi Qəzzədə “soyqırım və etnik təmizləmə” həyata keçirən bir rejimlə mədəni ortaqlığa son qoymaqdır.
Məşhur ssenarist və imza atmış şəxslərdən biri Devid Far bəyanatında deyib: “Holokostdan sağ qalanların nəvəsi kimi, İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətlərdən qəzəbli və kədərlənmişəm. Cənubi Afrikada mədəni sanksiyaların təsirli olduğu kimi, bu gün də təsirli ola bilər və vicdanlı bütün sənətçilər tərəfindən dəstəklənməlidir.”