Müharibənin 656-cı günündə işğalçı ordu döyüş təyyarələri, pilotsuz təyyarələr, artilleriya və tanklarla Qəzzə sakinlərini hədəfə alıb.
Verilən məlumatlara əsasən, sionist rejimi beynəlxalq çağırışların artmasına baxmayaraq, mühasirədə olan Qəzzədə soyqırım törətməkdə davam edir və dünən Qəzzədə daha 85 fələstinli şəhid olub ki, onlardan 31-i yardım almağı gözləyən insanlardır.
Fələstin mənbələri işğalçı qüvvələrin Qəzzə şəhərinin şimal-qərbində törətdiyi qırğında 15 fələstinlinin şəhid olduğunu açıqlayıb. Bu insanlar Qəzzə şəhərinin şimal-qərbində bir evin bombalanması zamanı şəhid olublar.
Deyr əl-Bələh şəhərinin müxtəlif bölgələrinin ağır bombardmanları zamanı 8 fələstinli də şəhid olub. Sionist rejimin artilleriyası Qəzzənin mərkəzindəki “əl-Bureyc” düşərgəsində yaşayış məntəqələrini atəşə tutub.
Eyni zamanda, işğalçı qüvvələrin bu çərşənbə səhəri Qəzzənin cənubundakı Xan Yunis şəhərinin cənubunda yaşayış məntəqələrini dağıtdığı bildirilib. İşğalçı qüvvələr Qəzzənin şərq bölgələrində də bəzi evləri dağıdıb.
Fələstin mənbələri işğalçı ordunun eyni düşərgədə törətdiyi dəhşətli cinayətdən 24 saat sonra Qəzzənin qərbində yerləşən “Şati” düşərgəsindəki qaçqın çadırının bombalanması zamanı kiçik bir qızın şəhid olması və bir neçə nəfərin də yaralandığını bildirib.
Qəzzədəki tibb mənbələri Qəzzə şəhərinin şimal-qərbindəki “Həmd” xəstəxanasının ətrafında yardım işçilərinin hədəf alındığını, onlardan bir neçəsinin yaralandığını bildirib. Qəzzənin cənub-qərbindəki Tel əl-Həvada bir evin bombalanması zamanı 7 fələstinli şəhid olub.
Fələstin mənbələri Qəzzədə yemək və su axtaran bir uşaq və bir qadına pilotsuz təyyarə ilə hücum edildiyini və onların şəhid olduğunu bildirib. İsrail pilotsuz təyyarələri dünən səhər Qəzzənin mərkəzindəki “Əl-Bureyc” düşərgəsini də hədəfə alıb və bu, əl-Bureyc düşərgəsinin şərqində İsrail tanklarının güclü atəşi ilə eyni vaxta düşüb.