Birləşmiş Millətlər Təşkilatı İsrail ordusunun davam edən hücumlarını, şiddətli mühasirəni və Qəzzə zolağında aclıq və qıtlığın baş verməsini nəzərə alaraq, bölgənin son həyati damarlarının kəsilmək ərəfəsində olduğu barədə xəbərdarlıq edib.
Xarici KİV-in verdiyi məlumata görə, bazar ertəsi səhər saatlarından bəri Amerika-sionist yardım paylama mərkəzlərində humanitar yardım almaq üçün gözləyən bir neçə nəfər də daxil olmaqla, 61 fələstinli İsrail əsgərlərinin hücumları və atəşləri nəticəsində şəhid olub.
İsrail rejiminin Qəzzə zolağına hücumları və mühasirəsi nəticəsində yaranan bu fəlakətli vəziyyət dünyanın 25 ölkəsi rejimin bu bölgəyə qarşı müharibəni dərhal dayandırmağa çağırdığı bir vaxtda davam edir.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Qəzzə zolağında fələstinlilərin insan əzabının və ağrılarının miqdarından şoka düşdüyünü açıqlayıb.
Qəzzə zolağı xarabalığa çevrilib. Su və yemək yoxdur. Bu bölgə sadəcə yanan coğrafiya deyil, insan vicdanının çöküşünün canlı şahididir.
İsrail hərbiçilərinin hücumları və atəşləri onlarla fələstinlinin həyatına son qoyub. Bəziləri sadəcə bir az yemək və ya bir qurtum su əldə etməyə çalışırdılar. Qəzzə zolağındakı yardım mərkəzləri də fələstinlilər arasında fərq qoymayan İsrail artilleriya bölmələrinin hədəfinə çevrilib.
Bu dağılmış coğrafiyada artıq yaşamaq və bombardmanlardan təhlükəsiz olmaq üçün heç bir yer yoxdur. BMT-nin məlumatları göstərir ki, Qəzzə zolağının 88 faizi hazırda məcburi evakuasiyaya məruz qalıb və ya İsrail hərbi nəzarəti altındadır və iki milyondan çox insan həyatla ölüm arasında kiçik və dar bir məkanda sıxışıb.
Qəzzə zolağında baş verən fəlakət bununla bitmir, həyatın can damarı olan suya da keçib. Qəzzə zolağının bələdiyyəsi Qəzzə şəhərinin şimalındakı əsas duzsuzlaşdırma zavodunun bağlandığını elan edib. Bələdiyyə 1.2 milyondan çox fələstinli qaçqın və vətəndaşın şiddətli susuzluqdan əziyyət çəkdiyini bildirib.
Qəzzə zolağındakı bu insan cəhənnəminin kölgəsində beynəlxalq səviyyədə etiraz səsləri ucalıb. 25 ölkənin birgə bəyanatında müharibənin dərhal dayandırılması və humanitar yardımın bölgəyə daxil olmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması tələb edilib. Bəyanatda fələstinlilərin köçürülməsinə və ya Qəzzədə hər hansı demoqrafik dəyişikliyə qəti etirazı vurğulanıb.