Görünməmiş bir addımla müxtəlif ölkələrdəki ən azı 100 Microsoft işçisi İsrail ordusuna və rejimin silah şirkətlərinə hər hansı texniki xidmət və dəstək göstərməkdən imtina edəcəkləri ilə bağlı rəsmi öhdəlik imzalayıb.
Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Microsoft-da nadir rast gəlinən bir hadisə baş verib. Şirkətin 100 əməkdaşı “Apartheyd üçün Azure-ə yox” (No Azure for Apartheid) kampaniyası çərçivəsində rəsmi bir öhdəlik sənədi yayımlayıblar. Bu sənədə əsasən, onlar İsrail ordusu və bu rejimə bağlı silah istehsalçıları ilə hər hansı texniki və ya dəstək əməkdaşlığını rədd ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, bəyanatda qeyd olunub ki, bu addım İsrailin Qəzzədəki hərəkətlərinə birbaşa cavab olaraq qiymətləndirilir.
Bəyanatın mətnində deyilir: “Qəzzədən gələn çağırışa cavab olaraq, Microsoft əməkdaşları İsrail ordusu və hökumətindən gələn hər hansı texniki dəstək tələblərini yerinə yetirməkdən imtina etməyə söz verirlər.”
Bu öhdəlik, fələstinlilər tərəfindən Qəzzədə İsrailin qanunsuz mühasirəsinin sona çatdırılması üçün elan edilmiş “Qlobal Hərəkət Günü” ilə eyni gündə yayımlanıb. Bəyanatda qeyd olunub ki, bu mühasirə hazırda Qəzzə zolağında görünməmiş səviyyədə aclıq və humanitar fəlakətə səbəb olub.
Bəyanatın son hissəsində belə deyilir: Artıq rəhbərlərə yalvararaq boş və nümayişkaranə dəstək açıqlamaları istəmək dövrü başa çatıb. Biz əsl güc sahibləri, yəni işçiləri bu çağırışa qoşulmağa və öz əməyini və ixtisasını işğal və Fələstin soyqırımı iqtisadiyyatından geri çəkməyə dəvət edirik.
