İsrail qüvvələri Qəzzə zolağının mərkəzinə daxil olduqdan sonra Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru təşkilatın əməkdaşlarının qaldıqları yeri hədəfə alındığını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus dünən (çərşənbə axşamı) X kanalında bildirib ki, Qəzzə zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində təşkilatın əməkdaşlarının iqamətgahına bazar ertəsi üç dəfə hücum edilib.
O, təşkilatın həmin ərazidəki əsas avadanlıq anbarının zədələndiyini bildirib.
Hücumlar bazar ertəsi səhər saatlarında İsrail qüvvələrinin Qəzzənin mərkəzindəki Deyr əl-Bəlahın şərq bölgələrinə məhdud şəkildə daxil olmasından sonra baş verib.
Bu, sionist rejim ordusunun 2023-cü ilin oktyabrında quru işğalının başlanmasından bəri Deyr əl-Bələhə ilk quru girişidir.
Tedros bildirib ki, İsrail ordusu qüvvələri Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlarının iqamətgahına daxil olub, qadın və uşaqları binaları tərk etməyə məcbur ediblər. Onun sözlərinə görə, kişi əməkdaşlar və onların ailə üzvləri işğalçı qüvvələr tərəfindən qandallanıb, paltarları əllərindən alınıb, silah gücü ilə dindirilib və axtarışa verilib.
Əməliyyat zamanı ÜST-nin iki əməkdaşı və onların iki ailə üzvü saxlanılıb, onlardan üçü sonradan sərbəst buraxılıb, lakin biri hələ də həbsdədir.
Həbs edilmiş əməkdaşların azad edilməsinin və ÜST-nin bütün işçilərinin qorunmasının təcili ehtiyac olduğunu vurğulayan ÜST-nin baş direktoru xəbərdarlıq edib ki, Deyr əl-Bələhdəki son təxliyə əmrləri təşkilatın bir çox obyektlərinə ziyan vurub və Qəzzədəki əməliyyat imkanlarını azaldıb.
O, həmçinin bildirib ki, evakuasiya zonasında yerləşən Deyr əl-Bəlahda ÜST-nin əsas anbarı dünən hücum nəticəsində partlayış və yanğına məruz qalıb.
Tedros Qəzzə zolağına tibbi ləvazimatların davamlı və müntəzəm axınını təmin etmək üçün Üzv Dövlətləri təcili yardıma çağırıb və təşkilatın əsas anbarının itirilməsindən və dərman və tibbi avadanlıqlarının əksəriyyətinin tükənməsindən sonra xəstəxanalara, təcili yardım qruplarına və digər səhiyyə tərəfdaşlarına lazımi yardım göstərməkdə ciddi məhdudiyyətlərlə üzləşdiyini qeyd edib.