Qəzzə zolağındakı xəstəxana mənbələri çərşənbə axşamı səhər saatlarından etibarən 31 Fələstin vətəndaşının öldüyünü və son iki gündə bölgədə qida çatışmazlığı səbəbindən daha 23 vətəndaşın öldüyünü bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə zolağındakı xəstəxana mənbələri elan ediblər: Bu səhərdən (çərşənbə axşamı) bəri İsrail ordusu tərəfindən 31 nəfər şəhid olub, onlardan 7-si humanitar yardım almaq üçün gözləyən Fələstin vətəndaşıdır.
Əş-Şifa Tibb Kompleksindəki mənbələr də xəbər veriblər: Qəzzə zolağının şimalında Yusif əs-Səfadi adlı fələstinli körpə qida çatışmazlığından ölüb.
Qəzzə zolağındakı xəstəxanalardakı mənbələr bu səhərdən bəri qida çatışmazlığı və susuzluq səbəbindən ikisi uşaq olmaqla, 4 nəfərin şəhid olduğunu bildirib.
Bu mənbələr əlavə ediblər: Qəzzə zolağının bir neçə bölgəsində son iki gündə 23 fələstinli qida çatışmazlığı səbəbindən həyatını itirib.
Eyni zamanda Qəzzə zolağının Səhiyyə Nazirliyi elan edib: Qəzzə zolağında 76-sı uşaq olmaqla, cəmi 86 nəfər qida çatışmazlığı və aclıq səbəbilə həyatını itirib.
Nazirlik əlavə edib: Biz həmçinin Qəzzə zolağının səhra xəstəxanalarının direktoru Mərvan əl-Həmsin işğaçılara bağlı silahlı qruplar tərəfindən həbsini pisləyirik.
BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi də Qəzzənin artan aclıq və qida çatışmazlığından əziyyət çəkdiyini və bu zolağa çatan yardımın kifayət etmədiyini açıqlayıb.
Ofis xəbərdarlıq edib ki, Qəzzə zolağının 12 faizində 2.1 milyon insan qida və içməli su olmadan sıx şəraitdə yaşayır və xəstəxanalar yaralıların çoxluğu və əsas tibbi ləvazimat çatışmazlığının yükü altında çökür.
Əş-Şifa kompleksindəki bəzi mənbələr Qəzzə zolağında yanacaq çatışmazlığı səbəbindən böyrək şöbəsinin tamamilə sıradan çıxdığını bildirib.