Qəzzədə görünməmiş faciədə regionun Səhiyyə Nazirliyinin baş direktorunun sözlərinə görə, təkcə son 48 saat ərzində 20 nəfər aclıqdan və ağır qida çatışmazlığından ölüb.
Xarici KİV-in verdiyi məlumata əsasən, Qəzzə Səhiyyə Nazirliyinin baş direktoru Münir əl-Bərş çərşənbə axşamı bildirib ki, son iki gündə aclıq nəticəsində şəhid olanların sayı 20 nəfərdir. Bu rəqəm Qəzzədə soyqırımın başlanmasından bu yana qısa müddət ərzində aclıqdan ölənlərin sayının ən yüksək sayı hesab olunur.
Eyni zamanda Qəzzə zolağının əl-Əqsa Şəhidləri Xəstəxanasının sözçüsü doktor Xəlil əl-Dəqran müsahibəsində regionda humanitar vəziyyətin görünməmiş şəkildə pisləşməsi ilə bağlı xəbərdarlıq edib və sionist rejimin blokada siyasətinin minlərlə fələstinlinin həyatını təhlükəyə atdığını açıqlayıb.
Onun sözlərinə görə, İsrail rejimi son 4 ayda Qəzzə zolağına qarşı blokadanı görünməmiş şəkildə gücləndirib və bölgəyə heç bir yardım göstərilmir. O, mövcud vəziyyəti “fəlakətli” adlandırıb.
Əl-Dəqran Qəzzada baş verən humanitar fəlakətin ölçülərinə toxunaraq deyib: “600-dən çox uşaq qida çatışmazlığı riski altındadır və aclıq və İsrailin mühasirəsi səbəbindən uşaq ölümləri günü-gündən artır.”
O, həmçinin qeyd edib: Təkcə bu səhər iki uşaq aclıq və pis qidalanma səbəbindən həyatını itirdi. İndiyədək 80 uşaq və 10 böyük sionist siyasətlərinin səbəb olduğu aclıq səbəbilə şəhid olub.
Qəzzədəki xəstəxana mənbələrindən verilən məlumata görə, Məhəmməd əl-Səfadi adlı 40 günlük fələstinli körpə Qəzzə zolağının şimalında aclıq və süd, qida çatışmazlığı səbəbindən bu səhər dünyasını dəyişib.
Qısa müddət öncə də Qəzzə zolağında 12 yaşlı fələstinli uşaq Əbdül Cavad əl-Qalban ağır qidalanma və zülal, süd və kalsium kimi əsas qida maddələrinin çatışmazlığı səbəbindən şəhid olub.