Anonim bir israilli əsgər, heç bir təhlükə yaratmayan mülki şəxslərə atəş açaraq onları öldürdüyünü, bunun ordu siyasətinə uyğun şəkildə baş verdiyini ifadə edib.
7 iyul tarixində Sky Newsun verdiyi məlumata görə, israilli əsgərlər Qəzza zolağında müntəzəm olaraq mülki şəxsləri vururlar. Bunu isə hər kəsin öldürülməsini nəzərdə tutan atəş açma qaydaları çərçivəsində edirlər — xüsusilə də “giriş qadağandır” elan edilən zonalara daxil olanlara qarşı.
252-ci Diviziyada xidmət edən və Qəzzada üç dəfə iştirak etmiş anonim bir ehtiyatda olan israilli əsgərin dediyinə görə, əsgərlər öz mövqeləri ətrafında təyin olunmuş no-go (giriş qadağan olunmuş) zonalara daxil olan hər kəsə, açıq-aşkar təhlükə yaratmasa belə, birbaşa atəş açırlar.
“Bizim olduğumuz bir ərazi var və əmr belədir: İçəri girən hər kəs ölməlidir,” deyə o bildirib. “Əgər içəridədirsə, deməli təhlükəlidir və öldürülməlidir. Kim olduğunun fərqi yoxdur.”
O əlavə edib: “Əraziyə daxil olan demək olar ki, hər kəsə atəş açılırdı – bu, velosiped sürən yeniyetmə də ola bilərdi.”
Əsgər deyib ki, “təsəvvüri bir xətt var” və ordu onlara deyir ki, bütün Qəzza əhalisi guya bu xətti bilir və onu keçməyin qadağan olduğunu anlayır. Amma əsgər soruşur: “Onlar bunu necə bilə bilər ki?”
O deyib: “Komandirlər sənin mövqeyinə yaxınlaşa biləcək mülki şəxslər haqqında səninlə heç danışmırlar. Məsələn, mən Nətsarim yolunda idim və dedilər ki, əgər kimsə bura gəlirsə, deməli o bilir ki, burda olmamalıdır, və yenə də gəlirsə, deməli o terrorçudur.”
Sky News-a danışan əsgərin sözlərinə görə, atəş açmaq əmrlərinin sərtliyi konkret komandirlərin şəxsi qərarlarından asılı olur.
“Bəzən vurula bilərlər, bəzən əsir götürülə bilərlər,” deyə o bildirib. “Bu, tamamilə günə və komandirin ovqatına bağlıdır.”
“Beləliklə, bu bir növ Vəhşi Qərbə bənzəyir,” – deyə o bildirib. “Bəzi komandirlər müharibə cinayətləri və pis əməllər törətmək qərarını verə bilər və bunun nəticələrinə görə məsuliyyət daşımırlar.”
Sky News-un verdiyi xəbərə görə, “O, bir kişinin girişin qadağan olunduğu əraziyə daxil olduğunu və güllələnərək öldürüldüyünü, lakin cəsədə yaxınlaşan digər şəxsin isə əsir götürüldüyünü təsvir edib. Bir neçə saat sonra həmin əraziyə daxil olan hər kəsin yenidən ölümcül atəşlə vurulması barədə əmr verildi.”
Keçən il Haaretz ilə danışan əsgərlər də oxşar ifadələr verərək açıq atəş qaydalarını və diviziya komandiri briqada generalı Yehuda Vaxın siyasətini tənqid ediblər.
Vax 7 oktyabr 2023-cü il hücumu zamanı Qəzza ətrafındakı yaşayış məntəqələrində israilli mülki şəxslərin öz ölkələrinin hücum helikopterləri tərəfindən öldürülməsində Həmasın günahlandırılması prosesində əsas rol oynayıb. Bu, “Hannibal Direktivi” (Bir israilli əsgər düşmən tərəfindən əsir götürülmək üzrədirsə və ya artıq əsir götürülübsə, onu xilas etmək üçün hətta həmin əsgərin öldürülməsinə səbəb olsa belə, maksimum hərbi gücdən istifadə oluna bilər.) çərçivəsində baş verib. Həmin gün təxminən 1,200 israilli öldürülüb, onların əksəriyyəti İsrail atəşi ilə həlak olub, lakin bu ölümlər Həmasın üzərinə atılıb.
7 oktyabr tarixindən əvvəl sağçı israilli siyasi partiyalar Qəzzanı fəth etmək və orada yəhudi məskənlərini yenidən qurmaq üçün müharibə başlamağı müdafiə edirdilər.
Bazar ertəsi günü Otzma Yehudit (Yəhudi Gücü) partiyasından MK Limor Son Har-Melech Qəzzada yəhudi məskənləri qurulması çağırışını təkrar edib.
“Ora nəzarət etmədən, məskunlaşmadan təhdidi aradan qaldırmaq mümkün deyil,” – deyə o, Radio Tzafon-a müsahibəsində bildirib. “Ya onlar orada olacaq, ya biz – başqa variant yoxdur. Artıq düşmənlərlə əhatə olunmuş təcrid olunmuş anklavlardan danışmıram. Mən böyük şəhərlərdən danışıram.”