Sionist rejimin Kanal 12 televiziya kanalı etiraf edib ki, hazırkı İsrail hökuməti Qərb sahilində misli görünməmiş proqramlar həyata keçirib.
Real-israil saytının məlumatına görə, bu reportajın müəllifi Tamer Almağor bildirib ki, son iki il yarım ərzində İsrailin hazırkı kabineti Yəhuda və Şomronda (Qərb sahili) məskunlaşmanı misilsiz sürətlə genişləndirib. Belə ki, bu müddətdə onlarla yeni sionist yaşayış məntəqəsi salınıb, qeyri-rəsmi məskunlaşma nöqtələri isə inanılmaz sürətlə böyüyüb, məskunlaşanlar üçün yeni yollar çəkilib və beynəlxalq təzyiq və etirazlar belə bu prosesi ləngidə bilməyib.
Reportajda qeyd olunur ki, son günlər Qərb sahilində məskunlaşan yəhudilərin İsrail hərbçiləri ilə toqquşması və fələstinlilərə qarşı törətdikləri (cinayətlər) bu bölgədə baş verən hadisələrin üstünü açıb.
Daha dərindən baxanda görünür ki, bu iki il yarım ərzində bölgə əsl “fırtına”dan keçib: onlarla yeni sionist yaşayış məntəqəsinin yaradılması elan olunub, qeyri-rəsmi məskunlaşma nöqtələri sürətlə genişlənib, strateji yollar çəkilib və eyni zamanda fələstinlilərin binaları görünməmiş miqyasda sökülüb – bütün bu tədbirlər isə regionun yəhudiləşdirilməsini genişləndirmək və iki dövlətli həll variantını faktiki olaraq məhv etmək məqsədilə həyata keçirilib.
Knessetdə Dini Sionizm Partiyasının üzvü Tzvi Sukot Kanal 12-yə müsahibəsində iddia edib: “Biz yəhudi dövlətinin yollarını müəyyənləşdirmək istəyirik, hər yerdə fəaliyyət göstəririk və əsas hədəfimiz torpağa hakim olmaqdır. Bizim baxışımıza görə Yəhuda və Şomronun (Qərb sahili) gələcəyini əbədi olaraq müəyyənləşdirəcək hadisə həyat məqsədimizdir. Bu məqsədlə dünyaya açıq şəkildə bildirmək istəyirik ki, burada heç vaxt fələstin dövləti yaranmayacaq və yəhudilər həmişə burada qalacaqlar. Bu bizim planımızdır və bunu heç kimdən gizlətmirik, heç kim şübhə etməsin ki, bir gün fələstin dövləti yaradılıb yəhudi məskunlaşanlar buradan çıxarılacaq.”
Reportajın digər hissəsində qeyd olunur ki, hazırkı hökumətin 2023-cü ildə qurulmasından bəri Qərb sahilində ən azı 50 yeni sionist yaşayış məntəqəsi salınıb və onların yaradılması dörd fərqli mərhələdə rəsmi şəkildə elan edilib.
Mövcud kabinet formalaşana qədər Qərb sahilində 128 rəsmi yaşayış məntəqəsi vardı, hazırda isə bu rəqəm 178-i keçib. Bu isə cəmi bir hökumət dövründə məskunlaşmaların sayının 40 faiz artması deməkdir.
Mövcud statistikalara görə, elan edilmiş yeni yaşayış məntəqələrindən 19-u faktiki olaraq salınıb və yaşayış başlayıb, 7-si birgə təsərrüfat tipli fermalar, 14-ü isə mövcud şəhərciklərdə yeni məhəllələr kimi yaradılıb, 10-u isə hələlik layihə mərhələsindədir.