Fələstin xəbər mənbələri cümə axşamı səhər saatlarından etibarən (cümə günü səhər saatlarına qədər) İsrail rejiminin Qəzzə zolağına etdiyi hücumlarda 85 fələstinlinin şəhid olduğunu açıqlayıb.
Qəzzə zolağındakı tibbi mənbələr bildiriblər ki, cümə günü səhər saatlarında da sionist rejimin Qəzzəyə hava hücumları davam edib və son hücumda Qəzzə zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərinin mərkəzindəki “Rəmzun” bölgəsi İsrail rejiminin hava hücumuna məruz qalıb. Hücum nəticəsində indiyədək 4 nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.
Hesabatlara görə, bombardmanların intensivliyi və hədəf alınan ərazilərin genişliyi insan tələfatının və mülki infrastrukturun dağıdılmasının ciddi şəkildə artmasına səbəb olub.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyinnin cümə axşamı verdiyi bəyanatda bildirib ki, son 24 saat ərzində Qəzzə xəstəxanalarına 107 şəhid və 247 yaralı daxil olub.
Bu bəyanata əsasən, 18 Mart 2025-ci ildən bəri sionist rejimin Qəzzəyə qarşı yeni hücum dalğasının başlanmasından ötən cümə axşamınadək Qəzzə zolağında 3613 nəfər şəhid olub, 10156 nəfər isə yaralanıb.
Bu şəhidlərin də hesablanması ilə 7 Oktyabr 2023-cü ildən – “Əqsa Qasırğası” əməliyyatının başlanmasından ötən cümə gününə qədər Qəzzədə şəhidlərin sayı 53762 nəfərə, yaralıların sayı isə 122197 nəfərə çatıb.
Fələstin Səhiyyə Nazirliyi əlavə olaraq qeyd edib ki, hələ də bir sıra şəhidlərin cəsədləri küçələrdə və dağıntıların altında qalmaqdadır və yardım qruplarının onlara kömək etmək imkanı yoxdur.