Fələstinli qadın və uşaqların sığınacağı olan qaçqın çadırları yenə də İsrail rejiminin ağır hava hücumlarının hədəfi olub və düşərgələrin sükutu həyatını itirənlərin ailələrinin fəryadı ilə pozulub.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzədəki xəbər mənbələri bazar günü işğalçı İsrail qüvvələrinin Qəzzənin cənubundakı “Vadi Sabir” bölgəsində yerləşən qaçqın çadırlarına hücum etdiyini bildiriblər.
Bu hücum nəticəsində bir neçə nəfər, o cümlədən qadın və uşaqlar şəhid olub, bir neçə nəfər də yaralanıb.
Məlumata görə, bu hücumda 7-si qadın və uşaq olmaqla ümumilikdə 10 nəfər şəhid olub.
İsrail ordusunun Qəzzə zolağının müxtəlif bölgələrinə qarşı amansız hücumları hələ də davam edir. Bu hücumlar misli görünməmiş mühasirə və ciddi ərzaq çatışmazlığı səbəbindən Qəzzədəki humanitar vəziyyətin fəlakətli olduğu bir şəraitdə həyata keçirilib.
Bundan əvvəl də qaçqın çadırlarının Xan Yunusun şimal-qərbində yerləşən “Məvasi əl-Qarara” bölgəsində, eləcə də bu şəhərin qərbində yerləşən “Məvasi” bölgəsində hədəfə alındığı barədə xəbərlər yayımlanmışdı. Bu hücumlar bir sıra fələstinli vətəndaşların şəhid olmasına və yaralanmasına səbəb olub. Həmin hücumlardan birində “Qənnən” soyadlı bir ailənin – bir cütlük və iki azyaşlı uşaq – həyatını itirdiyi bildirilib.