Xəbər mənbələri çərşənbə günü səhər saatlardan günorta saatlarına qədər İsrail ordusunun Qəzzə zolağına hücumları nəticəsində 25 Fələstin vətəndaşının şəhid olduğunu bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimin Qəzzə zolağına təcavüzünün davamında bu gün səhər saatlarından etibarən bölgədə 25 nəfər şəhid olub ki, onlardan 21-i Qəzzə şəhəri və Qəzza zolağının şimalında şəhid olub.
Qəzzə zolağına yeni hücum dalğasının 37-ci günündə Fələstin mənbələri Qəzzə şəhərinin şərqindəki “ət-Tuffah” məhəlləsindəki “əd-Dərrah” Uşaq Xəstəxanasının İsrail ordusunun artilleriyası tərəfindən atəşə tutulmasından sonra baş verən dağıntıların görüntülərini dərc edib.
Eyni zamanda işğalçı qüvvələrin Qəzzə şəhərinin şərq məhəllələrində evləri sökməyə başladığı bildirilib. Fələstin mediası, həmçinin Qəzzə şəhərinin şərq ərazilərini işğalçı qüvvələrin ağır hava və artilleriya hücumları və tanklardan atəşə tutduğunu bildirib.
Fələstindəki xəstəxana mənbələri İsrail ordusunun Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şərqindəki “Bəni Süheylə” qəsəbəsindəki qaçqın çadırlarına artilleriya hücumu zamanı çoxlu Qəzzə sakininin yaralandığını bildirib.
Əl-Cəzirə müxbiri həmçinin Qəzza zolağının cənubundakı Rəfah şəhərində fələstinlilərin evlərinin dağıdılması və qaçqınların məskunlaşdığı Qəzza şəhərinin “Dureyc” məhəlləsindəki “Yaffa” məktəbinə İsrail rejiminin pilotsuz təyyarələrinin hücumu barədə məlumat verib. Hücum nəticəsində azı 10 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.