Fələstin rəsmisi sionist rejim tərəfindən qəbiristanlığın sökülməsinə cavab olaraq bildirib ki, fələstinlilərin didərgin düşməsindən sonra indi növbə ölülərə çatıb.
1948-ci ildə işğal olunmuş ərazilərdə Fələstin İşləri üzrə Ali Komitənin rəhbəri Məhəmməd Bərkə Səbarin kəndində (1948-ci ildə işğal olunmuş ərazilərdə) qəbiristanlığın sökülməsinə münasibət bildirib.
Sionist rejim bu kəndin qəbiristanlığını tamamilə yerlə-yeksan edib və daha orada heç bir qəbir gözə dəymir.
Səbarin Fələstinin işğalı zamanı (1948) sakinləri köçkün düşmüş kəndlərdən biridir.
“Əl-Qudsul-Ərəbi”-nin verdiyi məlumata görə, Bərkə deyib:
“Dünyanın hansısa bir guşəsində bir yəhudinin qəbrinə hücum edilsə, bütün dünya ayağa qalxar və səssiz qalmaz, lakin sionist rejim Fələstin xalqını didərgin saldıqdan sonra, öz qondarma dövlətini bu xarabalıqlar üzərində qurub və beynəlxalq ictimaiyyət buna göz yumur.
Sionist rejim hazırda qəsəbə salmaq, yəhudiləşdirmək, saxta adlar qoymaq, tarixi saxtalaşdırmaq və qəbiristanlıqları dağıtmaqla fələstinlilərin hər hansı izini yox etməyə çalışır…”
O, sözlərinə belə davam edib:
“Sionistləri narahat edən odur ki, tərk edilmiş kəndlərdə qalan qəbiristanlıqlar fələstinlilərin burada həyat sürməsinin və keçmişdə mövcud olmasının bariz dəlilidir. Onlar diriləri didərgin saldıqdan sonra, indi də məzarları dağıtmağa çalışırlar.”
O, daha sonra bildirib ki, qəbiristanlığın təmiri üçün Fələstin İşləri Komitəsinin üzvləri ilə könüllü dəstələr yaratmaq fikrindədir.
Qeyd edək ki, işğalçı rejim Fələstinin işğal olunmuş digər ərazilərində də fələstinlilərlə məxsus qəbirləri dağıtmaqla məşğuldur.