Bu çərşənbə axşamı səhər İordan çayının qərb sahilinin şimalında İsrailin Ariel qəsəbəsi yaxınlığında işğalçı İsrail qüvvələrinin açdığı atəş nəticəsində bir fələstinli qadın şəhid edilib.
Yerli mənbələrin məlumatına görə, İsrail əsgərləri Salfit şəhərinin qərbində, Haris kəsişməsi yaxınlığında fələstinli qadına atəş açıb.
Hadisə yerindən yayılan videoda qadının yerdə uzanmış cəsədi və onun yanında bir neçə İsrail əsgərinin dayandığı görünür.
Fələstin Səhiyyə Nazirliyi 30 yaşlı şəhid “Əmanə İbrahim Məhəmməd Yaqub”un güllə yarası aldığını və hadisə yerində dünyasını dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, sionist rejim və onun dəstəklədiyi sionist köçkünlər İordan çayının qərb sahillərinin müxtəlif ərazilərində Fələstin xalqı və onların mülklərinə qarşı insan haqları və beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda davam edirlər.