Sionist rejimin ordusu Qəzzədə şəhidlərin və yaralıların olduğu təcili yardım maşınlarını atəşə tutduğunu etiraf edib.
Sionist rejimin hərbi qüvvələri Qəzzə zolağında müharibənin yenidən başlanmasının 12-ci günündə bölgəyə qarşı amansız hava hücumlarını və mülki əhaliyə qarşı ağır artilleriya atəşini daha da şiddətləndirib.
Dünən (cümə günü) səhər saatlarından etibarən, sionist rejimin döyüş təyyarələrinin hücumları nəticəsində 43 fələstinli şəhid olub, onlardan 21 nəfəri Qəzzə şəhəri və Qəzzə zolağının şimal bölgələrindəndir.
Fələstinli mənbələr bidiriblər ki, işğalçı sionist rejimin ordusu, Qəzzə zolağının şimal bölgələrinə ağır artilleriya hücumları təşkil etməklə yanaşı, Xan Yunusun şimal və şərqində yerləşən Əbəsan və əl-Qərarah qəsəbələrini də intensiv şəkildə atəşə tutub. Bu hücumlar nəticəsində bir çox mülki şəxs şəhid olub və yaralanıb.
Rəfəh şəhərində isə sionist hərbiçiləri şəhərin mərkəzini və qərb bölgəsini artilleriya atəşinə tutublar. Bundan əlavə, rejimin döyüş təyyarələri də şəhərin qərb bölgəsinə hava hücumları həyata keçirib.
Sionist rejiminin ordusu təcili yardım maşınlarına atəş açdığını etiraf edib və iddia edib ki, bu təcili yardım maşınları şübhəli hesab olunub. Sionist rejim ordusunun açıqlamasında qeyd olunub ki, ilkin araşdırmalara əsasən, bəzi təcili yardım və yanğınsöndürən maşınları şübhəli avtomobillər olaraq qiymətləndirilib.
Eyni zamanda, Qəzzə Müdafiə Xidmətinin sözçüsü bildirib: “Sionist hərbiçiləri təcili yardım maşınlarına atəş açırlar, hətta bu rejimin buldozerləri torpaq baryerləri yaradaraq regionun coğrafi şəklini tamamilə dəyişdiriblər. Biz Müdafiə Xidməti personalının bir üzvü Ənvər əl-Əttarın cəsədini tapıb tanıdıq, lakin hava qaraldığından axtarışa ara verməli olduq. Bütün dəlillər göstərir ki, bu bölgəyə göndərilən komandaların hamısı hədəf alınıb. Onlar arasında 6 Müdafiə Xidməti və 9 Qırmızı Aypara üzvü var, onların taleyi barədə heç bir məlumat yoxdur. Lakin ilkin araşdırmalar və onlara atılan atəşin həcmi onların hamısının şəhid olduğunu göstərir.”