İordan çayının qərb sahillərində yerləşən ikinci ən böyük düşərgə olan Cenin düşərgəsinin əhalisi İsrail rejiminin qırıcılarının hava hücumlarında şəhid olanların cənazəsini cümə axşamı günü torpağa tapşırıblar.
Xəbər agentliklərindən birinin müxbirinin verdiyi hesabata əsasən, İordan çayının qərb sahillərinin şimal düşərgələrindəki, xüsusən də Cenin düşərgəsindəki şərait barədə narahatlıqlar 20 saatdan daha az vaxt ərzində sionistlər tərəfindən həyata keçirilən iki bombardmandan sonra artıb.
Müxbir bildirib ki, Cenin düşərgəsinin əhalisi sionist rejimin qırıcılarının (çərşənbə günü) bu düşərgədəki bir evə qarşı hava hücumları nəticəsində şəhid olan 6 fələstinlini dəfn ediblər. Bununla da, 20 saat ərzində şəhid olanların sayı 12 nəfərə çatıb.
Bu vəziyyət Cenin düşərgəsi və ona yaxın bölgələrdə qeyri-adi şəraitdən xəbər verir. Xüsusən də, Qəzzədə atəşkəs elan olunması münasibəti ilə heç bir bayram tədbiri keçirilməyib. Çünki bu xəbər düşərgənin sionistlər tərəfindən havadan bombalanması ilə eyni vaxta təsadüf edib.
Verilən hesabatda, həmçinin bildirilib ki, Cenin düşərgəsinin əhalisi bir tərəfdən Qəzzədə atəşkəsin elan olunması və təhlükəsizliyin qayıtmasından xoşhaldırlar. Amma digər tərəfdən onlar İsrail rejiminin müqavimət döyüşçülərinə qarşı bombardmanlarının artmasından və bu rejimin döyüş təyyarələrinin düşərgə üzərindəki uçuşlarının davam etməsindən narahatdırlar.