İşğalçı “İsrail” qüvvələri Qəzzə zolağına qarşı təcavüz və cinayətlərin 424-cü günündə Qəzzə zolağındakı mülki əhaliyə qarşı qurudan, havadan və dənizdən hücumlarına davam edib. Bu hücumlar nəticəsində 33 fələstinli şəhid olub.
Eyni zamanda sionist rejimi və HƏMAS arasında əsirlər mübadiləsi ilə bağlı danışıqlarda müəyyən irəliləyişin olmadığı və əslində, dalana dirəndiyi barədə Qahirədən xəbərlər gəlib.
Sionistlər ötən ilin Oktyabr ayının 7-dən indiyə qədər əksəriyyəti qadın və uşaqlardan ibarət olan 44466 müdafiəsiz fələstinlini şəhid edib, 105358 mülki şəxsi isə yaralayıblar.
Bazar ertəsi günü axşam işğalçı sionist rejiminə aid qırıcılar Qəzzə şəhərinə qarşı hücum zamanı şəhərin mərkəzində yerləşən “əl-Cəla” küçəsində toplanmış fələstinli mülki vətəndaşları bombalayıblar. Nəticədə isə, fələstinli iki vətəndaş şəhid olub və bir neçə nəfər isə yaralanıb.
Qəzzədəki səhiyyə və tibb mənbələri də sionist ordusunun köçkünlərin sığınacağı olan “Həlimə əs-Sədiyyə” məktəbini atəşə tutması nəticəsində bir uşağın şəhid olduğu haqda məlumat veriblər.
Bundan öncə də, sionist ordusunun qırıcılarının Qəzzə şəhərindəki bir bazar və ticarət məkanına hücumunda və həmçinin şəhərin cənubunda vətəndaşların toplandığı yeri bombalamasında ümumilikdə 4 Fələstin vətəndaşı şəhid olub və bir neçə nəfər isə yaralanıb.