Sionist ordusunun Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisin cənubunda yardım paylayan məmurlara qarşı cinayətkar hücumları nəticəsində 5 fələstinli şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, bundan əlavə, işğalçı ordunun Qəzzə şəhərində yerləşən Tel əl-Həva məhəlləsində fələstinlilərin toplaşdığı yerə hava hücumu zamanı digər 2 nəfər də şəhid olub.
Həmçinin tibbi mənbələr bazar günü səhər açıqlama verərək bildiriblər ki, işğalçı orduya aid təyyarələrin Beyt Lahiya məntəqəsində 5 mərtəbəli bir binada fələstinli köçkünlərin olduğu yerə olan hücumları nəticəsində azı 50 nəfər şəhid olub, bir sıra insan isə yaralanıb və itkin düşüb.
İşğalçı ordunun Beyt Lahiya məntəqəsində digər bir binaya etdiyi hücumda 15 fələstinli şəhid olub.
İşğalçı rejimin şənbə günü axşam Qəzzə zolağının mərkəzində yerləşən ən-Nəsirat və əl-Bəric düşərgələrinə olan hücumunda 21 fələstinli şəhid olub, bəziləri isə yaralanıb və itkin düşüb.
İşğalçıların fələstinlilərə qarşı soyqırımı, onların Qəzzə zolağındakı mənzillərinin hədəfə alınması və həmçinin bu bölgənin şimalında yerləşən Cəbaliya düşərgəsinin qərbindəki yaşayış binalarının dağıdılması hələ də davam edir.
Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı bir neçə gün öncə işğalçı ordu tərəfindən Qəzzə zolağının şimalındakı bir sıra mülki əhaliyə qarşı törədilmiş onlarla yeni cinayətin qeydə alındığını bildirib.
Adı qeyd olunan bu təşkilat sionist rejimin mülki əhalini qətlə yetirməsini və onları öz evlərini tərk edərək Qəzzə zolağının şimalından kənara getməyə məcbur etmək üçün göstərdiyi səylərini müasir dövrün ən böyük məcburi köçürmə əməliyyatı kimi təsvir edib.
Sionist rejimi 2023-cü ilin Oktyabr ayının 7-dən etibarən, Qəzzə zolağına qarşı dağıdıcı müharibəyə başlayıb. Bu müddət ərzində Qəzzə zolağındakı evlərin və strukturların böyük bir hissəsi ağır şəkildə ziyana uğrayıb. Misli görünməmiş aclıq və qıtlıqla yanaşı, ağır mühasirə və humanitar böhran bu bölgənin əhalisinin həyatını təhdid edir.
Bütün bu cinayətlərə rəğmən, sionist rejimi təxminən 13 aydan sonra etiraf edib ki, bu müharibədə hələ də HƏMAS-ın məhv edilməsi və sionist əsirlərinin Qəzzədən qaytarılması kimi öz hədəflərinə çata bilməyib.