Bir neçə saat əvvəl Qəzzə zolağının cənubunda yerləşən “Xədicə” məktəbini bombalayan sionist rejimi ordusu həmin bölgədə digər bir məktəbi də hədəfə alıb.
Xarici KİV-in bugün (şənbə) günorta saatlarından sonra verdiyi məlumata görə, İsrail ordusu çox yüksək partlayıcı gücə malik bombalarla Qəzzənin cənubunda yerləşən Deyr əl-Bələhdəki “Səlah” məktəbini bombalayıb.
Sionist rejimi ordusu bugün günorta Deyr əl-Bələhdə yerləşən “Xədicə” məktəbini bombalayıb. Bu hücumun ardınca, 30-a yaxın fələstinli mülki şəxs şəhid olub, 100-dən çox insan isə yaralanıb ki, onlardan da bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Səlah məktəbinin eynilə Xədicə məktəbinin kənarında yerləşdiyi və İsrail rejimi ordusunun oranı bombaladığı bildirilib.
Verilən məlumatda bu məktəbin iki dəfə sionist rejiminin ordusunun hücumuna məruz qaldığına işarə olunub.
Fələstin mənbələri bu məlumat yayılana qədər mümkün itkilər və məktəbə dəymiş ziyanın miqdarı barədə ətraflı məlumat verməyiblər.
Sionist rejiminin ordusu ötən günlər ərzində Qəzzənin mülki obyektlərinə qarşı hücumları genişləndirib.
İsrail ordusunun ötən günlərdə hücumlarını genişləndirdiyi bölgələrdən biri Qəzzə zolağının cənubunda yerləşən “Xan Yunis”dir.
İsrail rejiminin ordusu İyulun 13-də Xan Yunisdəki fələstinli qaçqınların çadırlarını bombalamışdı. Bu hücumun ardınca, onlarla fələstinli şəhid olmuş, yüzlərlə insan isə yaralanmışdı.