Qəzzə Səhiyyə Nazirliyi şəhidlərin sayının 34183, yaralıların sayının isə 77143 nəfərə çatdığını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə Səhiyyə Nazirliyinin sözçüsü dr. Əşrəf əl-Qədrə dünən müharibənin 200-cü günü şəhidlərin sayının 34183 və yaralıların sayının da 77143 nəfərə yüksəlməsi barədə məlumat verib.
Onun sözlərinə görə, işğalçı ordu ötən 24 saat ərzində Qəzzədə növbəti 3 cinayət törədib ki, bu da 32 nəfərin şəhadəti və 59 nəfərin yaralanması ilə nəticələnib.
Qəzzənin müxtəlif bölgələri dünən səhər saatlarından etibarən bombalanıb və gülləbaran edilib. İsrail qırıcıları səhər tezdən Qəzzə şəhərinin mərkəzində yerləşən “əs-Səlasini” məntəqəsini ağır şəkildə bombalayıblar. Qəzzənin şimalı da dron hücumlarına məruz qalıb.
Həmçinin dünən səhər İsrail ordusuna aid qayıqlar Qəzzə şəhərinin cənubunda yerləşən “əz-Zeytun” məhəlləsini atəşə tutublar.
Bundan əlavə, işğalçı ordunun artilleriyası Qəzzənin şimal-şərq bölgələrini geniş şəkildə hədəfə alıb və dəhşətli partlayış səsləri bütün məntəqəni bürüyüb.
Xan Yuniş şəhərinin şərq məntəqələri də güclü artilleriya hücumlarına məruz qalıblar.
Digər tərəfdən də Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı verdiyi bəyanatda Qəzzədə həzm sistemi xəstəliklərinin yayılması barəsində xəbərdarlıq edərək deyib ki, səhiyyə və müalicə vəziyyətinin böhranlaşması və “İsrail işğalçıları tərəfindən törədilən kütləvi qırğın cinayəti”nin davam etməsi sayəsində müxtəlif növ xəstəliklərin, xüsusən də həzm sistemi xəstəliklərinin yayılma təhlükəsi artıb.