Sionist hərbçilər növbəti cinayətə imza ataraq bu səhər bir fələstinli məhbusun evini dağıdıblar.
Palestine Today-in yaydığı məlumata əsasən, işğalçı sionist rejim əsgərləri Ramallahın şimal-qərbindəki Terməsəya kəndində fələstinli məhbus Muntəsir Şəlbinin evinə hücum ediblər.
Sionist ordu hərbi buldozerlə əraziyə hücum edərək, Muntəsir Şəlbinin evini mühasirəyə alıb və onun evinin yaxınlığında yaşayan vətəndaşları evlərini tərk etməyə məcbur edib.
Bu cinayətin ardınca fələstinlilərlə sionist İsrail hərbçiləri arasında toqquşmalar başlayıb və bu toqquşmada işğalçı rejim əsgərləri fələstinlilərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
İşğalçı sionist rejim mayın 6-da Muntəsir Şəlbini həbs etmişdi və bu rejimin Ali Məhkəməsi iyunun 23-də onun evinin sökülməsinə qərar verib.
Şelbi keçən may ayında anti-sionist əməliyyatı başlatdı və bu əməliyyatda bir sionist öldürüldü, ikisi isə yaralandı.
Fələstin İslami Cihad Hərəkatı sionist rejimin bu cinayətinə cavab olaraq bəyan edib ki, Muntəsir Şəlbinin ailəsinin evinin dağıdılması insanlığa qarşı cinayətdir və bu addımlar azad insanların iradəsini qırmayacaq.
Fələstinin HƏMAS hərəkatı da cinayəti pisləyib və onu təcavüz və terror aktı adlandırıb.
Keçən həftə çoxlu sayda İsrail əsgəri hərbi buldozerlərlə birlikdə işğal altındakı Qüdsün Əl-Bustan məhəlləsinə basqın edərək ticarət mərkəzini dağıdıb. Əl-Bustan məhəlləsində baş verən qarşıdurmalarda 3 fələstinli saxlanılıb, bir neçə fələstinli isə yaralanıb.
Bu arada Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur Şərqi Qüds də daxil olmaqla işğal olunmuş ərazilərdə İsrailin işğalçı qüvvələri və anti-Fələstin ekstremist qruplarının zorakılıq və irqçi hücumlarının artması ilə bağlı xəbərdarlıq edib.
Riyad Mənsur bu xəbərdarlığı BMT-nin baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasına hazırda sədrilik edən Estoniyaya və BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkıra göndərdiyi məktublarda bildirib.
Mənsur vurğulayıb ki, işğalçı qüvvələr cəmi 3 ay ərzində 72 evi dağıdıb, 47-si uşaq və 15-i qadın olmaqla 78 fələstinlinin didərgin düşməsinə səbəb olub.
O, əlavə edib ki, dağıntılardan 350-dən çox insan zərər çəkib. Onun sözlərinə görə, İsrail məhkəmələrində 424-ü uşaq olmaqla, 970 nəfərdən ibarət daha 218 fələstinli ailə evlərindən çıxarılma işini gözləyir.