Qüds günü – İslam, insaniyyət, inqilab və imam günü
Bu gün Böyük və Ümumdünya Qüds Günüdür; dünya müsəlmanlarının amallarının bir sözdə və bir cümlədə cəm olduğu gündür; bütün xalq və ölkələrdən olan bütün müsəlman sıralarının birliyi günüdür; İslam günüdür; insaniyyət günüdür; inqilab günüdür və bizim imamımızın günüdür!
Qüds gününün Allahın digər günlərindən üstünlüyü
İran xalqının zəfərli inqilabından sonra biz İran camaatının çoxlu xatirəli günlərimiz olmuşdur: 22 bəhmən (11 fevral), 15 xordad (5 iyun), 17 şəhrivər (8 sentyabr), 12 fərvərdin (1 aprel) və digər günlər. Lakin bütün bu xatirəli günlərin arasında Qüds günü iki cəhətdən üstünlüyə malikdir. Əvvəl ona görə ki, digər günlər İran xalqına aiddirsə, Qüds günü İran xalqına və bütün müsəlman xalqlara aiddir. Qüds günündə bütün müsəlman xalqlar, hətta dünyanın bütün məzlum xalqları İran xalqı ilə birlik və həmdərdlik hiss edirlər. İran xalqı Qüds günü macərasında və Fələstin məsələsində qabaqcıl kimi fədakarlığa hazırdır. Digər xalqlar da bu inqilabçı xalqla çiyin-çiyinə və bizim təcrübələrimizdən istifadə edərək işğal olunmuş Fələstin torpaqlarını azad etməyə sarı bizimlə birgə addım-addım irəliləməlidirlər.
Qüds gününün ikinci üstünlüyü budur ki, digər günlər keçmiş fədakarlıqların və qələbələrin xatirə günüdür, Qüds günü isə gələcək fədakarlıqlara və qələbələrə qərar vermək və səy göstərmək günüdür. Əgər digər günlərdə və digər xatirələrdə bizim xalqımız keçmişi xatırlayırsa, Qüds günündə gələcəyi yada salıb özündə maraq, iradə və qərar toplayır, hərəkətə gəlir və gələcəyə yol açır.
Qüds günü – amerikalı hegemonçuların və sionist muzdurlarının belini qırmaq günü
Biz bu gün Qüds məsələsi barədə aydın bir baxışa və qətiyyətli bir qərara malik olmalıyıq. Qardaşlar və bacılar! Bu çox əzəmətli və əhəmiyyətli məsələdir. Qüds və Qüds günü məsələsi və Fələstin hadisəsi dünya məzlumlarının iman ruhundan ilham alıb Böyük Allaha təvəkkül etməklə dünyanın böyük hegemonçularının və ilk növbədə Amerika imperializminin və sionist muzdurlarının belini qırmalı və əzməli olduğu nöqtədən ibarətdir.
Qüds məsələsi bizim xalqımız və böyük müsəlman ümmətinin hamısı üçün taleyüklü bir məsələdir. İran inqilabı əgər bu sərhədlərin daxilində qələbəyə çatdısa, bu o demək deyil ki, biz qane olub son qələbəni əldə etdiyimizi düşünək. Nə qədər ki, İslam və ərəb torpaqlarının ürəyində işğalçı İsrail dövləti adlı bu üfunətli yara və çirkin vəzi mövcuddur, biz qələbə çaldığımızı hiss edə bilmərik. Biz qulağımızın dibində özümüzün qəsb edilmiş və işğal olunmuş torpaqlarımızda öz düşmənimizi görə bilmərik.
Fələstinin gələcəyi
Bəs gələcək necədir? Fələstinin və Qüdsün gələcəyi necədir? Mən bu barədə sizə bir qədər məlumat verim. İran xalqı bilsin ki, bu regionda məğlubedilməz bir tilsimi sındırdı; yəni Orta Şərq regionunda və hətta bütün Asiyada ən böyük və möhkəm qalanı – imperializmin böyük və güclü qalasını, yəni zalım Pəhləvi hökumətini məhv edə bildi. Əfsanəvi bir qüdrət formasına düşmüş ikinci tilsimi də bizim inqilabımız sındırıb məhv edəcək.
İlahi vədə – Bəni-İsrailin ikinci məğlubiyyəti
Bunu Allahın vədəsindən öyrənməliyik. Allah-Taala Bəni-İsrail surəsində onlara müraciətlə buyurur: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq edəcəksiniz!“ Ey İsrail övladları, siz tarixdə iki gün və iki dəfə fəsad yaradacaq, yer üzündə böyüklük vücuda gətirəcək, təkəbbürlülük və hegemonluq edəcəksiniz. Lakin hər ikisində Allah bəndələrindən və Allah qoşunlarından bir qrupu peyda olub sizi fəsadınızın, təkəbbürlülüyünüzün və hegemonluğunuzun cəzasına çatdıracaq. Və bu, tarixin həmişəyaşar hadisəsidir.
Düzgünlüklə, haqq, həqiqət və ədalət silahı ilə tarixin qanunlarının təbii yolunu keçməyə hazır olan bir ümmətə Allah kömək edəcək. Lakin hər hansı bir xalq fəsad etsə, məzlumlara zülm etsə və insani dəyərləri görməzdən gəlsə, o xalq məhvə məhkumdur.
Fələstin məsələsi sırf ərəb, yaxud İslam məsələsi yox, bir insaniyyət məsələdir!
Bu gün dünyada nə baş verir?! Bu gün sionistlər ərəb regionunda hansı işlərlə və hansı əməllərlə məşğuldurlar?! Ürəkləri fələstinli qardaşlarının xatirəsi ilə döyünən müsəlman qardaşlar və bacılar, bölgəyə ötəri bir nəzər yetirin. Qaçqın adama hər bir azad insanın rəhmi gəlir. Bu gün bir xalq – Fələstin adlı bir xalq qaçqındır, öz evindən didərgin düşmüşdür, öz vətənindən və ölkəsindən didərgin düşmüşdür.
Bu məhrum və məzlum uşaqlar çadırların altında, düşərgələrdə doğulurlar. Onların qarşısında özünün həqiqi vəzifələrinə əməl etməyən iddialı hökumətlərin və xalqların köməyi ilə bu uşaq böyüyür. Çadır altında silah öyrənir, çadır altında dərs oxuyur, düşərgədə yaşayır. İki-üç milyonluq bir xalqı evindən, yuvasından, şəhərindən, ibadət ocağından, məscidindən, özünün hər şeyindən və həyatından məhrum etmək, onları yad ölkələrə qovmaq bəşər tarixinin ən böyük faciəsidir. Məhz buna görə biz düşünürük ki, Fələstin məsələsi sırf ərəb və hətta sırf İslam məsələsi deyil. Bu, çox əhəmiyyətli olan bir insaniyyət məsələdir.
Sionistlərin misilsiz cinayətləri
Bu gün xain sionist rəhbərlərin, hal-hazırda işğalçı İsrail dövlətinin başında duran xain Beginin bu faşist və cinayətkar dövlətdə gördüyü və icra etdiyi faşizmin növü dünyada misilsizdir. Siz görün Deyr-Yasində nə etdilər, İsrail həbsxanalarında nə etdilər! Müsəlman gəncləri tutub zindanlara apardılar, onlara işgəncə verdilər. Hətta şprislə müsəlman gənclərin qanını çəkib israilli muzdur ünsürlərin qan saxlanılan yerlərində qeyd etdilər. Siz görün Fələstin xalqının sərvətləri ilə nə etdilər, onların kişilərinə, qadınlarına və gənclərinə hansı faciəni yaşatdılar, müsəlman dövlətlərlə nə etdilər!
İsrail adlı çirkin xərçəng vəzisi – müsəlman dövlətlərin parçalanmasının amili
Bu çirkin xərçəng vəzisini bəşəriyyətin böyük düşmənləri olan imperialistlər bizim İslam və ərəb vətənimizin daxilində əkdilər. Bu gün bu vəzi inkişaf etmiş və müsəlman dövlətlərin parçalanmasına səbəb olmuşdur. Siz baxın, özlərinə İslam adı qoyan bu hökumət başçılarından Fələstin məsələsi qarşısında özünün dini, insani və ərəb vəzifələrini kamil şəkildə yerinə yetirə bilən bir nəfər də göstərə bilməzsiniz. Nə üçün? Çünki onları ərəb ölkələrinin daxili məsələləri ilə məşğul ediblər. Bu faciələr haradan vücuda gəldi? İsrail adlanan bu çirkin vəzinin vücudundan. Bu çirkli vəzi böyük dövlətlərin və qüvvələrin vasitəsi ilə müsəlmanların və ərəblərin yaşadığı torpaqların qəlbində vücuda gəlmişdir.
Müsəlmanların İsraili məğlub etməsi – onların dünyada xoşbəxtlik amili
Bu gün Fələstin xalqı ayağa qalxmış və oyanmışdır. O zaman Quran Bəni-İsrailə azğınlıq əleyhinə böyük bir mübarizədə olduqlarını deyirdi. Bu gün həmin müraciət fələstinli müsəlmanlara və bütün qeyrətli müsəlmanlara ünvanlanmışdır: “Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də!“ Əgər yaxşılıq etsəniz, əgər Allah yolunda çalışsanız, əgər Allahın fərmanına əməl etsəniz, əgər insaniyyət düşmənləri ilə, din və həqiqət düşmənləri ilə mübarizə yolunda olsanız, ey fələstinli müsəlmanlar, ey ərəb müsəlmanlar və ey dünyanın müsəlmanları, əgər bu vəzifələrə əməl etsəniz, bu yaxşılığı özünüzə etmiş olacaqsınız.
Bu regionda əzəmətli bir İslam qüdrətinin vücuda gələcəyi, Şərqin və Qərbin böyük təcavüzkar qüvvələrinə möhkəm zərbə vuracağı gün daha İslam xalqları məzlumluq, məhrumluq, yoxsulluq və aclıq üzü görməyəcəklər. Siz görün İslam ölkələri yoxsulluq, savadsızlıq və cəhalət baxımından hansı vəziyyətdədirlər! Bu geniş torpaqlarda on milyonlarla müsəlman yaşayır. Amma heç birində bu xalq üçün insani və şərəfli bir məişət şəraiti yoxdur. Nə üçün belədir? Çünki böyük qüvvələr öz maraqlarını təmin etmək üçün bu xalqı, bu xaqları həmişə təzyiq altında, ixtilaf və nifaq alovu altında saxlamağı zəruri bilmişlər. Onların başını özləri ilə, daxili məsələləri ilə qarışdırıb, əzəmətli bir beynəlxalq vəhdətə nail olmalarına imkan vermirlər. İmperializmin bu regiondakı əlaltısı və bazası da xain İsraildir.
Sionizmin və yəhudiliyin bir-birindən ayrı olması
Biz sionizmi bir məslək və məzhəb bilmirik və onu yəhudilikdən ayırırıq. Dünyada sionizmə nifrət edən azad və pak fitrətli yəhudilər çoxdur. Bu isə məzlum və məhrum müsəlmanlara aid olan torpaqları işğal etməkdən və zülmkarlıqdan başqa həyat imkanı olmayan faşist və təcavüzkar bir siyasi məsləkdir.
Fələstin xalqına köməkdən ibarət olan vacib əməl
Biz İran xalqı və İranın inqilabçı müsəlmanları İslam dünyasının diqqətini cəlb edə bildikdən və Amerika imperializminə bu möhkəm zərbəni vura bildikdən sonra bu yolda da bu böyük addımı atmalıyıq. Biz ərəb xalqlarına Fələstin yolunda mübarizə və Fələstin üçün fədakarlıq dərsini öyrətməliyik.
Qeyd etdiyim kimi, bizim üçün Fələstin məsələsi bir insani və dini məsələdir. Ona görə insani məsələdir ki, bu regionda bir qrup antibəşər cinayətkar toplaşmışdır. Onların cinayətdən, təcavüzdən, istismarçılıqdan, inqilabçı xalqlar və dövlətlər əleyhinə təxribatdan başqa bir işləri yoxdur.
Bu gün də bizim düşmənlərimizə kömək etməkdədirlər. Bu gün də bizimlə müştərək sərhədləri olan və əleyhimizə təxribat aparan şəxslərə kömək etməkdədirlər. Onlar bu regionda Amerikanın İran və İran inqilabı əleyhinə təxribat mərkəzidirlər. Bundan əlavə, qardaşlar və bacılar, Fələstin məsələsi bizim üçün bir dini məsələdir. İslam müsəlman torpaqlarını müdafiə etməyi bizə lazım bilmiş, məzlum və məhrumların hüququnu qorumağı vacib etmişdir. Bizə vacib etmişdir ki, 30 ildir “ey müsəlmanlar” – deyə fəryad qoparan, lakin heç kimin cavab vermədiyi bir xalqa malımızla və canımızla kömək edək.
Fələstin məsələsində müsəlman dövlətlərin səhlənkarlığı
Fələstin xalqı otuz ildir “ey müsəlmanlar” deyir. Bu ərəb dövlətlərinin hansı iddia edə bilər ki, fələstinli qardaşlarının bu fəryadına cavab vermişdir. Bu ərəb hökumətlərinin hansı iş başına gəldisə, xalqlarını özlərinə sarı çəkmək üçün Fələstini müdafiə şüarı verdilər.
Mən Şimali Afrika hökumətlərinə deyirəm, Orta Şərq hökumətlərinə deyirəm, işğalçı İsraillə həmsərhəd hökumətlərə deyirəm, Fars körfəzi hökumətlərinə deyirəm. Bunların hansı biri bir İslam hökumətinin vəzifəsi olan şəkildə fələstinli qardaşlara və Fələstin məsələsinə kömək etmişdir?! Otuz ildir bir neçə milyon müsəlman, məhrum və məzlum insanın imdad naləsi ucalır. Bunların dadına kim çatmalıdır?!
Fələstin məsələsi – inqilabın ən əsaslı, ən mühüm və ən prinsipial məsələsi
İşğalçı və zalım Pəhləvi rejimi hətta bizim Fələstin məsələsi barəsində fikirləşməyimizə də icazə vermirdi; qoymurdu ki, bu məsələni beynimizdən keçirək, hiss edək və bizim xalqımız Fələstin məsələsinin İran məsələsinin və İran inqilabının bir hissəsi olduğunu duysun. Lakin bu gün bu ümmətin imamı ayıqdır. Bu gün ümmətin imamı haqlı olaraq bizim inqilabımızın ən əsaslı, ən mühüm və ən prinsipial məsələsi üzərində dayanmışdır; ümmət imamı Qüds məsələsi üzərində dayanmışdır. Ərəb, müsəlman və Fələstin mübarizələri tarixində ilk dəfədir Qüds günü adlı bir gün təyin olunmuşdur. Siz dünən axşam evlərin damına çıxıb təkbir sədası ucaltdınız. Bütün ərəb və İslam ölkələrində sizin çağırışınızı eşidən və sizin dəvətinizdən xəbərdar olan şəxslər çağırışınıza cavab verdilər və təkbir fəryadı İslam üfüqlərinin bütün səmasında zalımların qulaqlarını kar etdi, hegemonçuların yuxusunu qarışdırdı. Bu hərəkət irəliləməlidir. İran xalqı ciddi şəkildə və doğrudan, kompliment üçün yox, dildə yox, ciddi surətdə İran xalqı, İran hökuməti, qanunverici və icraçı qurumlar Qüds günü və Fələstin məsələsinə yardım istiqamətində qərarlar verməlidirlər.
Xalqların iradə və əzmkarlığı ilə İsraili məhv etməyin mümkün olması
Qüds və Fələstin məsələsinə ciddi yanaşın. Əzəmətli şəhər olan Beytülmüqəddəs Allah peyğəmbərlərinin təhlükəsiz yeri, müsəlmanların ilk qibləsi olmuşdur. O, sionist işğalçıların hökmranlığı altında və antiinsan təcavüzkarların ixtiyarındadır. Beytülmüqəddəs azad olmalıdır! Fələstin torpağı azad olmalı və öz xalqına qaytarılmalıdır! Deməsinlər ki, siz bir ölkəni coğrafi xəritə üzərindən necə götürə bilərsiniz. Deməsinlər ki, 30 ildir böyük güclərin himayəsi altında olan bir dövləti necə məhv etmək olar. İnsanların iradəsi və imandan qaynaqlanan əzmkarlığı bütün problemləri asanlaşdırır, bütün möcüzələri mümkün edir.
Siz görürsünüz ki, İran xalqı on minlərlə şəhid verməklə və yaralı qəbul etməklə, bizim inqilabımız sizin və Qüds günü üçün buraya gələn qonaqların gözləri önündə nümunəyə və əfsanəyə çevrilmişdir. İran xalqı yüz min belə yaralı verib. İran xalqı yetmiş min şəhid verib. İran xalqı yenə də şəhid və yaralı verməyə hazırdır. İran xalqı Allaha görə, Allahın adını ucaltmaq və İslamı dirçəltmək naminə, böyük bir İslam dövləti qurmaq, Amerika və SSRİ-nin burnunu ovmaq və böyük gücləri bu regiondan məyus edən əzəmətli bir İslam qüvvəsi yaratmaq üçün yenə də fədakarlıq göstərməyə və yenə də şəhid verməyə hazırdır.
Fələstin məsələsi – İslam dünyasının ən mühüm məsələsi
Fələstin məsələsi İslam dünyasının ən mühüm məsələsidir. İslam dünyasında heç bir beynəlxalq məsələ bundan üstün deyil. Çünki Fələstin və Qüds torpaqlarını işğal edənlərin İslam ümmətinin bu hissəsinə hökmranlığı İslam dünyasında bir çox nöqsan və problemlərin mənşəyi olmuşdur.
Peyğəmbərin (s) müqəddəs ruhunun uca aləmlərdə Fələstin məsələsinə görə qəmgin olması
Bu gün İslam cəmiyyətinin bədənində dərdli və dərin bir yara var. Burada oxunan ayə İslamın əziz Peyğəmbəri (s) barəsindədir: “O sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!“ Bu gün İslam dünyasının, ən böyük hissəsi Fələstin məsələsindən ibarət olan dərdi Peyğəmbərin (s) müqəddəs qəlbini incidir. Bu gün Fələstin xalqının düşdüyü vəziyyətə görə Peyğəmbərin (s) müqəddəs ruhu ilahi yaradılışın uca aləmlərində qəm içindədir. Bunun əlacı nədir? Çalışmaq və mücahidlikdir.
Görün hegemonluq necə dişlə, caynaqla, qaniçənliklə və insaniyyətdən uzaq rəhmsizliklə dayanmışdır. Əgər bacarsa, özünün imperialist istəkləri üçün İslam xalqlarını və onların arzularını tapdayacaq. Bu gün bu Fələstin məsələsi İslam dünyasının ən böyük problemlərindən biridir və gələcəkdə də olacaq. Bir xalqı öz evindən, yaşayışından, ölkəsindən və torpağından didərgin salıb yerində muzdur və xəbis işğalçını oturtmaq məgər zarafatdır?! Ona hər növ kömək edirlər, bütün cinayətlərinə don geyindirirlər, qolları da dirsəyə qədər bölgə xalqının qanına batır. Bunlarla qane olmayıb müsəlmanlardan və ev sahiblərindən imza almaq istəyirlər ki, bu ev o işğalçıya məxsusdur və ev sahibinin burada heç bir hüququ yoxdur. Bu işi görmək istəyirlər.
Fələstin – İslam dünyasının ən təcili problemi
Bütün İslam dünyasında olan əziz qardaşlar və bacılar! Təcrübələrdən dərs alaq. Bizim böyük ümmətimiz bu gün İslam oyanışı sayəsində əzəmətli qüdrətə malikdir. İslam ölkələrinin çoxlu problemlərinin həllinin açarı bu möhtəşəm toplumun iradəsində və birliyindədir. İslam dünyasının ən təcili problemi isə Fələstin problemidir.
Fələstin məsələsi – bəşəriyyət dünyasının böyük müsibəti
Fələstin məsələsi indiki bəşəriyyət dünyasının böyük müsibətlərindən biridir. İnsana və insan haqlarına dair duyğusu olan və məzlum insanları müdafiədən dəm vuran hər kəs bu məsələ qarşısında iddia sahibi olmalı, bunu öz problemi bilməlidir. Bəlkə də demək olar ki, Fələstin hadisəsi və müsibəti tarixdə bənzəri az olan hadisələrdəndir. Bizim bildiyimiz qədərincə, bir xalqa qarşı bu şəkildə əzəmətli hadisə tarix boyu az olmuşdur.
Siz insani faciələrdən hansını təsəvvür etsəniz, Fələstin faciəsində mövcuddur: günahsız insanlar öldürməkdən, insanları didərgin salmaqdan, evsiz-eşiksiz etməkdən, işgəncədən, əzabdan, həbsdən, sürgündən və bu qəbil işlərdən, insan məqamına hörmətsizlikdən, bir qrup insanın bəşəri sərvətlərini məhv etməkdən, bir qrup insana qarşı təzyiqdən, zülmdən, qorxu və şiddətdən və fəaliyyət icazəsi verməməkdən (ibarət olan hər şey). Əgər dünyanın bir tərəfində xalqın bir hissəsinə qarşı baş versə, bəşəriyyəti yaralayan və matəmə salan bütün bu müsibətlər son 45 ildə Fələstində baş vermişdir.
İnsan hüquqlarını müdafiədən dəm vuran şəxslər əgər doğru deyirlərsə, gərək Fələstin xalqının hüquqlarından danışsınlar. Siz bu son 45 ildə Fələstin xalqı qədər işgəncə görən, əzab çəkən, əzizlərini əldən verən, hüquqları tapdanan hansı xalqı tanıyırsınız? Necə olur ki, bu faciələrin biri dünyanın bir tərəfində bir qrup insana qarşı baş verdikdə insan hüquqlarının qayğıkeşi və həmdərdi olduqlarını iddia edən şəxslər sinələrini sipər edir, danışır və addım atırlar, lakin Fələstin xalqına qarşı edilən bütün bu faciələrin məcmusunu görməzliyə vururlar?
Fələstin məsələsinin kənarında Beytül-Müqəddəsin əhəmiyyəti
Fələstin məsələsinin kənarında Beytülmüqəddəsin də böyük əhəmiyyəti var. Bu gün sionistlər tərəfindən bu müqəddəs şəhəri işğal etmək, udmaq və ondakı İslam əsərlərini məhv etmək üçün çeşidli təxribatlar aparılır. Lakin bu şəhər bütün müsəlmanlara məxsusdur və Qüdsün hamısı bütün Fələstinin paytaxtıdır. Müsəlmanlar düşmənlərin mənfur planlarının həyata keçməsinə qoymayacaq və onlarla mübarizə aparacaqlar.
İki dəlilə əsasən Fələstin məsələsinin İslam dünyasının birinci məsələsi olması
Bu gün Fələstin məsələsi İslam dünyasının birinci məsələsidir. Bu gün bütün İslam ümməti, xüsusən də bizim xalqımız və ölkəmiz kimi yaxın ölkələr bu məqama diqqət yetirməlidirlər ki, həm Fələstinə hakim olan, onu işğal edən sionistlər, həm də onların müdafiəçiləri Fələstin daxilindəki hadisələri işğalçı İsrail dövlətinin daxili məsələsi kimi göstərməyə çalışırlar. Lakin əsla belə deyil. Əgər Fələstin daxilində bir nəfər də qiyam etməsəydi belə, Fələstin məsələsinin özünə görə İslam dünyası sionistlərlə və onların müdafiəçiləri ilə düşmən olardı. İndi isə Fələstin xalqı da qiyam etmiş və özləri agah şəkildə meydana qoşulmuşlar.
Fələstin iki cəhətdən İslam dünyasının problemidir: Biri buna görə ki, Fələstin İslam torpaqlarının bir hissəsidir. İslamın bütün böyük məzhəbləri arasında heç bir fikir ayrılığının görünmədiyi və bütün fəqihlərin yekdil olduğu bir məsələ budur ki, əgər İslam torpaqlarının bir hissəsi İslam düşmənləri vasitəsi ilə ayrılsa və ona İslam düşmənləri hakim olsalar, hamı o hissəni İslam torpaqlarına qaytarmaq üçün çalışıb fəaliyyət göstərməyi özünün vəzifəsi bilməlidir. Odur ki, dünyanın hər hansı bir yerində olan müsəlman xalqlar bunu özlərinin vəzifələri bilməlidirlər. Sözsüz ki, çoxları bir iş görə bilmirlər. Amma kim bacarsa və necə bacarsa, iş görməli və addım atmalıdır. Məhz buna görə siz görürsünüz ki, Böyük İmamın hər ilin ramazan ayının son cüməsinə təyin etdiyi Qüds gününü bütün İslam dünyası yaxşı qarşılayır. Siz bu il görəcəksiniz ki, Allahın lütfü və yardımı ilə Qüds günü bütün İslam dünyasında hər ildəkindən daha izdihamlı və daha təntənəli keçəcəkdir.
İkinci cəhət budur ki, ümumiyyətlə yəhudi dövlətinin, yaxud daha doğrusu, sionizm dövlətinin İslam dünyasının bu nöqtəsində təşkil edilməsi hegemonluğun uzunmüddətli bir məqsədi ilə həyata keçdi. Bu dövlət İslam dünyasının təxminən ürəyi olan həssas nöqtədə quruldu, İslam qərbini – yəni Afrikanı Orta Şərqdən, Asiyadan və Doğudan ibarət olan İslam Şərqinə birləşdirir, Asiya, Afrika və Avropa arasında üç yol ayrıcını təşkil edir. Bu dövlətin belə yerdə qurulması uzun müddət üçün ozamankı müstəmləkəçilərin – birinci növbədə İngiltərə dövlətinin İslam dünyasına hökmranlığının davam etdirilməsi üçün idi; yəni əgər nə zamansa Osmanlı hökumətinin müəyyən dövrlərində olduğu kimi iqtidarlı bir İslam dövləti vücuda gəlsə, müstəmləkəçilərin, İngiltərənin, Fransanın və digərlərinin bu regiondakı nüfuzunun qarşısını ala bilməsinlər. Buna görə özlərinə bir baza düzəltdilər. Buna əsasən, tarixi sənədlərə görə orada sionizm hökuməti təşkil etmək yəhudi xalqının arzusundan çox İngiltərə dövlətinin müstəmləkəçi istəyi idi. Bəzi sübutlar var ki, o zaman bir çox yəhudilər bu dövlətə ehtiyaclı olmadıqlarını və bu dövlətin onların xeyrinə olmadığını düşünürdülər, odur ki, bundan uzaqlaşmışdılar. Odur ki, bu bir yəhudi arzusu və ideyası deyildi, daha çox müstəmləkə ideyası və bir ingilis ideyası idi. Əlbəttə, sonralar dünya siyasətinin və imperializmin öncüllüyü amerikalıların vasitəsi ilə İngiltərədən alındıqda, bu da müstəmləkə mirasının tərkib hissəsi idi və Amerikaya çatdı. Amerikalılar da maksimum istifadə etdilər və indi də edirlər. Buna görə Fələstinin xilası və işğalçı sionizm dövlətinin məhvi bu region xalqlarının, o cümlədən bizim ölkəmizin maraqları ilə əlaqədardır. İnqilabın ilk günündən proqramlarının birini sionistlərin nüfuzu və iqtidarı ilə mübarizə edənlər bu hesabla bu işi gördülər. Bu proqram ölkənin maraqlarına, İslam Respublikasının və İran xalqının ümumi maraqlarına uyğun seçilmişdir. Digər ölkələrdə də belədir. İslam ölkələrinin bütün aydın insanları, bütün azad düşüncəli siyasətçiləri, əlləri Amerika hegemonluğunun hənası ilə rənglənməyən bütün şəxslər İsraillə mübarizə aparmalı olduqlarını düşünürlər; yəni bunu ölkələrinin maraqlarından sayırlar.
Fələstin – İslam dünyasının ən mühüm məsələsi
Demək olar ki, bu iclas İslam dünyasının ən mühüm məsələsini araşdırır. Həqiqətən bu gün müsəlmanların həyatında və İslam üfüqlərində heç bir məsələ Fələstin məsələsi qədər əhəmiyyətli deyil. Qırx ildən artıq ki, tədriclə müsəlmanları öz evlərinin bir hissəsinin işğalına vərdiş etdirmişlər. Təkcə müsəlmanların evini işğal etmək deyil, məsələ bundan böyükdür. Məsələ bundan ibarətdir ki, İslamın beynəlxalq düşmənləri müsəlmanların evinin bir hissəsini onlara hücum etmək, onların istəklərinə və hərəkətlərinə qarşı mübarizə aparmaq üçün səngərə çevirmişlər.
Təəssüf ki, İslam dünyasında imkana malik olanlar və bu barədə təsirli qərarlar çıxara bilənlər dildə olmasa da, əslində onu unutmuşlar. Biz əgər özümüzə gəlsək, görəcəyik ki, bu, son dövrlərdə müsəlmanlara yönələn ən böyük bəladır.
Beytül-Müqəddəs – əsas mərkəz
Əqsa intifazəsinin (qiyamının) əsas mərkəzi Beytülmüqəddəsdir. Yəni Fələstin xalqının qəzəbinin partlamasına səbəb olan qığılcım sionistlərin Əqsa məscidinə hörmətsizliyi oldu. Fələstin xalqı müsəlmanların ən müqəddəs dini məkanlarından birini qorumaqda üzərlərinə düşən böyük missiyanı dərk edib səhnəyə gəldi və sionist işğalçıların əleyhinə fədakarcasına müqavimət və mübarizənin müqəddəs şöləsini yandırdı.
Fələstin məsələsi – İslam oyanışının əsas mərkəzi
İranda İslam inqilabının qələbəsindən və son iki onillikdə İmam Xomeyninin hərəkətinin aşkarlanmasından sonra İslam regionunda bütün qüvvəsi ilə İslam oyanışı hərəkatı başlanmışdır. Bu gün bu hərəkatın əsas mehvəri Fələstin məsələsidir. Əqsa məscidi intifazəsi hətta Fələstinin coğrafi sərhədləri xaricində və Fələstin xalqından bayırda bütün müsəlman və ərəb xalqlarını səhnəyə çəkə bildi. İslam dünyasının qərbindən şərqinə qədər hər yerdə müsəlman xalqların milyonluq yürüşləri göstərdi ki, Fələstin xalqı onların dəstəyinə arxalana və eyni zamanda müsəlmanların birliyinin yaranmasında böyük rol ifa edə bilər.
Livanın qəhrəman insanlarının iradəsi və mərhum imamın tövsiyəsi və himayəsi ilə Livanda İslam müqaviməti formalaşanda İsrail Beyrutu – yəni Livanın paytaxtını işğal etmiş və bu ölkənin siyasi taleyini caynağına almışdı. O zaman İslam müqaviməti “Qüdsə sarı irəli” şüarını verəndə bəzi bixəbərlər onları sadəlövh adlandırıb tənə ilə soruşurdular ki, siz livanlılar öz ölkənizin paytaxtına girməyə qadir olmadığınız təqdirdə Qüdsə sarı necə hərəkət edə bilərsiniz. Həmin tarixdən İslam müqavimətinin İsrail üzərindəki tarixi qələbəsinə qədər yalnız 18 il sürdü. Yəqin təsdiq edərsiniz ki, xalq mübarizələri tarixində 18 il çox zaman deyil.
İslamla düşmənlikdə Amerika və sionizmin mənfur birliyi
Dünya müsəlmanları barəsində həqiqətən təəssüfə və ağrıya səbəb olan budur ki, müsəlmanlar bu gün hamıdan artıq ehtiyaclı olduqları məsələyə daha az diqqət yetirirlər. O, İslama qayıdışdan, İslamın qüvvəsinə güvənməkdən, müsəlmanlar arasında birliyin və vəhdətin möhkəmləndirilməsindən ibarətdir. Səbəb budur ki, İslam düşmənləri bu din qarşısında daha qəddar və daha aşkar mövqe seçmişlər. Keçmişdə də İslamla çox düşmənçilik olunmuş və vuruşulmuşdur. Amma bu gün bu düşmənlik həmişəkindən daha qəddar, daha aşkar və daha ədavətlidir.
Bu düşmənlərin başında Amerika və sionizmin mənfur birliyi durur. Amerika dünya hegemonluğunun başçısı kimi rəftar edir, sionizm də müsəlmanların bir-biri ilə münasibətlərində pozuculuq və siyasi fəsad amili, eləcə də xalqların, İslam xalqlarının və ölkələrinin inkişaf prosesinə maneə funksiyasinı yerinə yetirir. Bu iki qüvvə birləşmişlər. Təəssüf ki, ərəb regionu ölkələrinin başçılarının çoxunun vəziyyəti – gözlənilirdi ki, onlar Fələstinin işğalçılarına qarşı və bu rüsvayçı, aşkar və həyasızcasına təcavüz qarşısında düzgün mövqe seçsinlər – müsəlmanları günbəgün bu mənfur birlik qarşısında zəiflədən və o hökumətlərin özlərini də daha zəif və dayaqsız edən vəziyyətdir. Yaxşı olardı ki, İslam ölkələrinin başçıları onlara qüdrət, şəxsiyyət, istiqlaliyyət və hegemonçular qarşısında müqavimət gücü verən İslamın qədrini biləydilər. Təəssüf ki, müsəlman rəhbərlərin çoxu bu böyük nemətin qədrini bilmirlər.
İslam öz imanının, uca və nurlu təlimlərinin, mütərəqqi bilgi və hökmlərinin sayəsində İslam ölkələrində elə qüdrət vücuda gətirə bilər ki, heç kəs o xalqlara və ölkələrə hegemonluq edə bilməz, yekəxanalıq edə bilməz, onları nəyəsə məcbur edə bilməz. Nə üçün bu əzəmətli qüdrətdən istifadə etmirlər?
Qərb mətbuatının İsrailin cinayətləri barəsində ixtilafı
Əlbəttə, İslam ümmətinin vicdanı tufan qopardı. Bu sahədə maksimum səhlənkarlığı və təqsirkarlığı Qərb mətbuatı etdi. İsrail radiosundan və sionizm rejiminin mətbuatından bir gözlənti yoxdur. Onların özləri qatildirlər. Qatildən özünü məhkum etməsini gözləmək olmaz. Lakin dünyanın necə deyərlər, azad mətbuatı nə üçün bu qədər haqsızlıq edir? Nə üçün bu qədər sükut edir və hadisəni kiçik sayırlar?
Bu yaxınlarda Amerikada bir ərəb əlinə silah götürüb bir neçə nəfərə hücum etdi və səhv etməsəm, onlara bir o qədər də zərər yetirmədi. Siz görün Amerika mətbuatı son bir neçə gündə necə ajiotaj yaratdı. Bütün qəzetlər və Qərbin digər media qurumları bir müsəlman ərəbin hücum xəbərini bütün dünyada əks etdirdilər. Lakin o acı hadisə qarşısında sükut etdilər. Əgər desələr də, tam təhrif olunmuşdu. Onlar belə faciələri bir nəfərə aid edirlər. Bunların hamısı zülmdür. Amerikada və Qərb dünyasında mətbuat işçiləri və idarəçiləri həqiqətən nə qədər təəssübkeş, daşürəkli və iddia etdikləri azadlıqdan uzaq olmalıdırlar ki, bu hadisəyə qarşı bu şəkildə pis və etinasız davransınlar.
İsrailin cinayətlərinə qarşı hökumətlərin sükutu
Hökumətlər hansı münasibətlə özlərinə icazə verirlər ki, bir ölkəyə və bir xalqa bu şəkildə hücum və təcavüz etsinlər? Bu vəhşilik deyil?!
Onlardan soruşmaq lazımdır ki, “biz İraqı ağıllandırmağa qərar verdik” deməkdə dəliliniz nədir? Məgər siz kimsiniz? Dünyada sizi kim ağıllandırmalıdır? Əgər siz beynəlxalq məsələlərə belə müdaxilə etmək və öz xəyalınıza görə Təhlükəsizlik Şurasının qəyyumu olub onun qərarlarını icra etməyi öz haqqınız bilirsinizsə, nə üçün İsraillə belə münasibətdəsiniz? Nə üçün bu gün İsrailin fələstinlilərin əleyhinə törətdiyi cinayətin qarşısında gözləriniz bağlıdır?
Acı məqam: İşğalçıya dair məzlum siması və məzluma dair zalım siması yaratmaq
Fələstin məsələsi barəsində demək istədiyim budur ki, bu məsələdə çox acı bir məqam mövcuddur. Fələstinə aid olan bütün məsələlər acı olsa da, bu məqam həqiqətən çox üzücüdür ki, beynəlxalq təbliğatda Fələstinin işğalından ötən bütün bu qırx beş ildə, xüsusən də son bir-iki on illikdə gəlib Fələstini tutmuş yəhudiləri məzlum, hüquqlu, təzyiq, zülm və təcavüz altında olan bir xalq kimi göstərilməsinə çalışılmışdır. Lakin öz evlərini geri almağa çalışan ərəblər qəddar, hegemonçu və qanunlara boyun əyməyən xalq kimi göstərilir.
Dünyada Amerikanın və sionizmin təbliğatı bu böyük yalanı və bənzərsiz hiyləni inandırdı. Bu çox üzücü və acıdır. Onlar hətta film və şəkil göstərməkdə də aldadıcı nöqtələrə riayət edirlər. Misal üçün, öz jurnal və qəzetlərində ərəbləri göstərmək istədikdə bir qrup məzlum və qaçqın arvad-uşağı göstərən şəkilləri seçmirlər; yaxud zalım sionistlərin zülmündən tələf olan, dünya nemətlərindən və yer üzünün bütün xeyirlərindən məhrum olan gəncləri göstərmirlər. Başına şal atmış və əlində silah tutmuş kobud bir simanı göstərib deyirlər ki, fələstinlilər bunlardır.
Digər tərəfdən rus sionistlər və yəhudilər Fələstinə mühacirət etmək istəyəndə demirdilər ki, bunlar işğalçıdırlar, bunlar fələstinli deyillər, bunlar rusiyalıdırlar, ukraynalıdırlar, Avropa və Amerika ölkələrindəndirlər, öz torpaqlarında hər birinin yeri, məqamı, evi, sərvəti, pulu və imkanları var. Bununla yanaşı Fələstinə gedirlər ki, bir fələstinlinin haqqını tapdasınlar, onun evinə sahib çıxsınlar, sərvətini və torpağını işğal etsinlər, ailə qurmaq imkanını ondan alsınlar; bunları demirdilər. Bundan əlavə, sionizmin və Amerikanın muzdurları öz media qurumlarında bir qrup yorulmuş yəhudi arvad-uşağın şəkillərini göstərirlər; qoy dünya xalqı desin ki, işə bax, nə üçün ərəblər bu yazıqlarla belə rəftar edirlər.
Bunlar beynəlxalq hegemonluğun əlamətləridir. Amerikalıların dediyi yeni düzən budur. Yəni elə iş görsünlər ki, bütün dünya onların istədiyi kimi düşünsün və həqiqətləri əksinə anlasın. Fələstin hadisəsi elə hadisələrdəndir ki, mən bu formada onun üçün tarixdə bir bənzər tanımıram. Bir xalqı öz ölkəsindən və torpaqlarından necə qovmaq olar?! Fərz edin İraq rejimi bir qrup insanı öz ölkəsindən qovdu; təxminən 1-2 milyon nəfərlik bir cəmiyyəti. Amma bir xalqı bütünlüklə öz torpaqlarından qovmaq, torpaqlarının üzərindən onların adını götürmək, coğrafiyada və tarixdə o torpağın kimliyini məhv etmək – belə bir iş baş verməmişdir. Əgər bu iş bir qeyri-müsəlman ölkəsində baş versəydi, Avropa hökumətləri nə edərdilər? Əgər bu əməl İslam məntəqəsi kimi bu həssas məntəqədən digər bir yerdə edilsəydi, dünya hökumətləri nə edərdilər?
Bu, xəbər hegemonluğunun sionizm və Fələstinin işğalı məsələsi ilə davranış tərzidir. Mənim fikrimcə Fələstinin ən üzücü hadisəsi budur ki, həqiqətlər belə çevrilir və əksinə göstərilir.
Hadisənin həqiqəti budur ki, bir xalqı öz evindən və həyatından didərgin salıblar və bu xalqın qayıdıb öz evini geri almağa haqqı çatır. Bu mübarizə haqlı mübarizədir. Amerika bu mübarizəni terrorizm adlandırır, amma sionistlərin fələstinli mübarizlərə qarşı xəbisliyini terrorizm adlandırmır. Görün həqiqətlər bu gün bəşəriyyətin çobanlığına və dünyanın rəhbərliyinə iddiaçı olan şəxslərin zehnində və əməlində nə qədər əksinə çevrilmişdir! Görün onlar həqiqətdən və insaniyyətdən nə qədər uzaqdırlar! Görün bu siyasət nə qədər qeyri-insanidir! Sionistlər Livana daxil olub Seyid Abbas Musəvi kimi bir uca və ləyaqətli insanı şəhid edirlər. Təkcə onun özünü öldürmürlər, həyat yoldaşını və uşağını da öldürürlər. Halbuki onlar döyüş meydanında deyildilər. Onlar yolda avtomobillə hərəkətdə idilər. Amerikalılar bu cinayəti məhkum etmirlər. Deməli, bəlli olur ki, siz zülmün tərəfdarısınız. Nə üçün bunu inkar edirsiniz? Siz xəbisliyin tərəfdarısınız, təcavüzün tərəfdarsınız, terrorun tərəfdarısınız. Bundan üstün və aşkar terror yoxdur. Digər tərəfdən Fələstinin evləri olduğu bir neçə fələstinli gənc ayağa qalxıb fədakarlıqla işğalçı sionizm dövləti əleyhinə bir iş gördükdə deyirlər ki, bu terrorçu hərəkətdir. Siz hansı haqla tərsinə adlar qoyursunuz və özünüzü haqlı bilirsiniz?
Siz baxın, bu gün sionistlərin gördüyü iş Amerika tərəfindən təsdiqlənir. Hansı terrorçu hərəkət bundan daha qəddar və daha zülmkar ola bilər?! Bəzən televiziya xəbərlərində görürük ki, bir ölkədə xalq çaxnaşma yaradır və həmin ölkənin polisi onlara qarşı qəddarlıq edir. Belə mənzərələr bir çox ölkələrdə görünür. Amma heç bir ölkədə polisin xalqla rəftarı sionistlərin Fələstin xalqına qarşı kobudluğu, xəbisliyi və əsəbiliyi kimi deyil; halbuki Fələstin xalqına hücum edən polis əcnəbidir. Polisin tutub elə qəddarlıqla döydüyü gənc ev sahibidir.
Böyük təxribat budur ki, Fələstin məsələsində həqiqəti tərsinə göstərirlər. Fələstin məsələsinə – yəni öz evinə, özünün insani və milli haqqına dair bir iş görən şəxs dünya hegemonluğunun mətbuatında, hegemonluğa və sionizmə bağlı təbliğat maşınlarında terrorçu kimi tanıtdırılır. Böyük müsibət budur ki, bu faciələri sivil dünyanın qəbullluğu və təsdiqi ilə bir xalqın başına gətirirlər. Dırnaqarası sivil dünya, insan hüquqlarının dırnaqarası tərəfdarı olan dünya bir xalqın bütün bu insani, ilahi və qanuni hüquqlarını görməzdən gələn şəxslərin tərəfində durmuşdur.
Sionistlər gəlib fələstinlilərin evini işğal etdilər, onları ən ilkin hüquqlarından məhrum etdilər, onların torpağında onların əleyhinə olan bir dövlət yaratdılar. Bu gün dırnaqarası sivil dünya – Amerika və hegemonluğun səsucaldanları zülmə məruz qalmış xalqın yanında olmaq əvəzinə bu qırx beş il ərzində bu zülmləri törədən qurumun yanında durmuşlar. Doğrudan da bundan böyük müsibət varmı?! Biz bu böyüklükdə bir zülm tanımırıq. Bir xalqa belə böyük həcmdə zülm edirlər və sonra o xalq çarəsizlikdən bir hərəkət etdikdə, bir addım atdıqda, o addımı terrorizm və kobudluq adlandırıb vururlar. Bu gün dünyanın hegemonçu siyasətinin vəziyyəti belədir. Bu gün dünyanın qızıl və güc mərkəzləri Fələstin xalqının hüququnu tapdamaq üçün əl-ələ vermişlər. Onlar bu məsələnin insani cəhətini tamamilə görməzliyə vurmağa və hətta əksinə göstərməyə çalışırlar.
Amerika demokratiyadan danışdı, xalqların səsinin mötəbər olmasından danışdı, amma Fələstində hökumət seçmiş xalqın səsini görməzdən gəldi, heçə saydı, ona etina etmədi. Bu, xalqın zehnində hansı nəticəni yaradır? Məlumdur. Amerika Fələstin xalqının hüquqlarına, yəni on illərdir öz evindən, öz vətənindən zorakılıqla, qəddarlıqla və zülmkarlıqla qovulan bir xalqın – bunu hamı bilir; bu məchul tarix deyil, altmış il öncəyə aiddir. Fələstin xalqı bu vəziyyətdə öz hüquqlarından məhrum oldu və müxtəlif ölkələrə didərgin düşdü – hüququna heç bir diqqət göstərmədi, onları himayə etmədi, hətta əksinə, işğalçı rejimi yüz faiz himayə etdi. Əgər məzlum fələstinlilər etiraz etmək fikrinə düşdülərsə, o etirazı iğtişaş və pozucu fəaliyyətlər adlandırdı.