Qəzzə Mülki Müdafiə Xidməti bildirib ki, Qəzzə şəhəri və bu zolağın şimal bölgələrinə edilən bombardman nəticəsində 60 yaşayış kompleksi dağıdılıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə şəhərinin Fövqəladə Yardım Komitəsi şənbə günü bəyan edib ki, son 48 saat ərzində sionist rejimin bombardmanı nəticəsində dağıdılan bu komplekslər onlarla mənzili və yüzlərlə fələstinli ailənin yaşayış yerini əhatə edirdi.
Bir neçə gün öncə Qəzzənin şərqində yerləşən Xuzə şəhərciyi işğalçı rejim tərəfindən şiddətli şəkildə bombalanıb və nəticədə bütün bölgə məhv edilib.
Xuzə bələdiyyəsi bu barədə yayımladığı bəyanatda bildirib: “Bu ərazi tamamilə “viran və fəlakət bölgəsinə” çevrilib, çünki evlər yerlə-yeksan edilib.”
Bundan əlavə, bütün tibbi və təhsil mərkəzləri də dağıdılıb, infrastruktur və nəqliyyat şəbəkələri isə tamamilə sıradan çıxıb.
Bələdiyyə vurğulayıb ki, bu vəziyyət şəhər sakinlərini bombardman və atəş altında evlərini kütləvi şəkildə tərk etməyə məcbur edib.
Xəbər mənbələrinin bildirdiyinə görə, İsrail rejiminin bombardmanları Qəzzə zolağındakı kənd təsərrüfatı torpaqlarını hədəf alıb. Bu hücumlar genişmiqyaslı əkin sahələrinin məhv edilməsinə və onların bufer zonaya çevrilməsinə səbəb olub. Nəticədə Qəzzədə ərzaq böhranı daha da dərinləşib və bölgədə qida çatışmazlığı böhranı kəskinləşib.
Hesabatlara görə, Rəfəh şəhərində 50 minə yaxın yaşayış vahidi dağıdılıb ki, bu da şəhərin yaşayış məhəllələrinin 90%-nə bərabərdir. İşğalçı ordu bu ərazidəki binaların qalıqlarını da məhv edərək şəhəri tamamilə bir bufer zonaya çevirib.
Xan Yunis şəhərində də işğalçı rejim Həmd şəhərciyini bombalayıb və nəticədə bir neçə yaşayış qülləsi dağıdılıb. Bu hücumlarda çox sayda sakin həyatını itirib və yaralanıb.
Qəzzə şəhərinin mərkəzi bölgələrindən sayılan ər-Rimal məhəlləsində də çox sayda dövlət binası, məktəb və məscid sionist rejim tərəfindən bombalanıb və nəticədə bu məhəllənin böyük hissəsi tamamilə dağıdılıb.
Məlumatlara görə, sionist rejim 7 Oktyabr 2023-cü il tarixində Qəzzə zolağına qarşı müharibəyə başlayıb. Bu müharibənin iki əsas hədəfi – HƏMAS hərəkatını məhv etmək və Qəzzədən sionist əsirləri geri qaytarmaq idi. Lakin bu məqsədlərə nail ola bilməyən rejim, nəhayət HƏMAS-la əsir mübadiləsi razılaşması əldə etmək məcburiyyətində qalıb.
2025-ci il Yanvarın 19-da HƏMAS və sionist rejim arasında əldə olunmuş razılaşmaya əsasən Qəzzə zolağında atəşkəs elan olunub və bu çərçivədə bir neçə əsir mübadilə edilib. Lakin daha sonra sionist rejim atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlardan imtina edib və 2025-ci il Martın 18-nə keçən gecədən atəşkəsin şərtlərini pozaraq hərbi təcavüzlərini yenidən başlayıb.